AZ

“Bir stəkan çay, bir Yasin və unudulmayan minnətdarlıq” Pərviz Yəhayalı yazır...

ain.az bildirir, Gununsesi portalına istinadən.

İşıqlar fasilə ilə verilirdi, qaz isə o qədər zəif idi ki, heç sobanı belə qızdırmırdı. Çörək növbəsində saatlarla dayanmağımın da nəticəsi olmadı. Əliboş, kirayəşin olduğum öz tələbə hücrəmə qayıtdım. Soyuq, buz kimi otaqda ilk işim bir stəkan qaynar çay ehtiyacımı ödəmək cəhdi oldu.

Stolun üstündə qalaqlanmış əlyazmalarımı saf-çürük edib, bir topa halına salınmış vərəqləri sobaya atdım. Çaydanın yarısından da az olan suyun qaynaması üçün yenidən əlyazmalarımın arasından seçim etmək məcburiyyətində idim.

Bu vaxt otağın qapısı döyüldü. Gələn Nazim idi. O da bu evdə kirayəşin qalırdı. Əslində Nazim mənim otaq yoldaşım deyildi. O, ailəsi ilə birlikdə Yevlaxdan köçüb gəlmiş, bu həyətdəki tikinti materialları saxlanılan otaqların ikisində ev və məişət əşyalarını yerləşdirmişdi. Belə ki, ev sahibinə məhz əşyalarının saxlanmasına görə pul ödəyirdi. Anası, bacısı və qardaşı ilə başqa evdə qalırdılar. Onun iki-üç gündən bir baş çəkdiyi bu mənzildə mən faktiki olaraq tək yaşayırdım.

Nazim məndən on yaş böyük idi. Həyatın hər üzünü görmüş, kifayət qədər çətinliklərdən keçmiş bu insan xasiyyətcə çox həlim və yüksək intellektə malik olduğundan ona böyük simpatiyam yaranmışdı. Ən müxtəlif mövzularda müzakirələrimiz olur, söhbətimiz tuturdu. Məhkəmədə tərcüməçi işləyən Nazim torpaq alıb ev tikmək üçün gecə-gündüz çalışır, işdən sonra isə elektrik avadanlıqlarının təmiri ilə məşğul olurdu.

Külək yağan quşbaşı qarı pəncərəyə çırpır, sanki soyuğu şüşələrdən içəri keçirmək üçün inad göstərirdi. Zarafatla Nazimə dedim ki, hava bayırda üşüdüyündən içəri hücum çəkir. Elə bilir guya mən burada istidə xumarlanıram.

O, gülümsəyib anasının məni görmək istədiyini dedi. Təbii ki, dərhal razılaşdım. Nazimin anası söhbətcil, insani keyfiyyətləri özündə ehtiva etmiş, milli-mənəvi dəyərləri yaşadan əsl azərbaycanlı xanımlara xas xüsusiyyətləri ilə diqqət çəkirdi. Bu ağbirçək xanımın xətrimi çox istədiyinə bütün varlığımla əmin idim.

Çəkməm su buraxdığından ayaq barmaqlarımı hiss etmirdim. Bu qar-qiyamətdə avtobus gözləməyimiz mənasız olduğundan yolu piyada gəlmişdik. İkinci mərtəbəyə qalxıb mənzilə daxil olduq. Düzü, işıqların yanmaması könlümcə oldu. Corabımın yaş olduğunu heç kəsin diqqətinə çəkməyəcəkdi.

Salamlaşanda artıq hiss etdim ki, mənə deyiləcək söz bəhanə imiş. Süfrə açılmışdı və çox güman ki, ailə bütövlükdə nəyisə qeyd edirdi. Nazimin anası da ürəyinə batıb mənim iştirakımı istəmişdi.

Çox çətin zaman kəsiyi idi. Müharibə acıları, qapıları döyən şəhid xəbərləri, ard-arda bağlanan iş yerləri, çörək növbələri, dolanışıq dərdi insanları çaş-baş salmışdı. 1994-cü ilin soyuq qış günündə həmin o kasıb, amma halallıq və səmimiyyət dolu süfrə başında içdiyim çayın da, kəsdiyim çörəyin də dadı tamam başqa idi.

Məndən sonra gələn qonağın dua verib Quran oxuması ağlımdan keçəni bir növ təsdiqlədi. Nazim bir neçə ay əvvəl dünyasını dəyişən atası üçün Quran oxutdururdu. Açılan süfrə də, mənim evə dəvətim də bu münasibətlə imiş.

Quran oxunub dua ediləndən sonra Nazimin anası üzünü mollaya tutub dedi:

— İndi də xahiş edirəm, Zərifə həkimin ruhuna bir Yasin oxuyun.

Molla Yasini oxuyub qurtarandan sonra Nazimin bacısı Dürdanə xanım marağımı qarşıladı. O, Zərifə həkimin kim olduğunu və niyə anasının onun ruhu qarşısında borclu olduğunu mənə danışdı.

Demək, həmin gün ruhu yad edilən ata təyinatla Yevlaxa gedir. Üç uşaqlı gənc ailənin dolanışığı yalnız atanın müəllim maaşına bağlı imiş. Uşaqlar azyaşlı olduğundan anaları işləyə bilmirdi. Belə bir vaxtda atanın görmə qabiliyyəti zəifləyir. Gəncədə müalicə alsa da, bir nəticə olmur. Hətta həkimlər yaxşıya doğru ümid belə vermirlər.

Müalicə üçün Bakıya gələn müəllim, ana və üç körpə uşağı Allahın ümidinə qalır. Bakıda Zərifə xanım Əliyevanın müayinə və müalicəsindən sonra ata dünya nuruna qovuşur və qısa müddətdən sonra evinə, ailəsinə dönür.

Bu gün Zərifə xanım Əliyevanın doğum günüdür. Onu həyatda görməmişəm. Haqqındakı məlumatları, elmi fəaliyyəti barədə isə ölkəmizdə hamı bilir. İllər öncəsi, çətinliklər məngənəsində sıxılan, hətta öz evi belə olmayan bir ailədə onun ruhuna dualar oxunduğunun şahidi oldum.

Bu gün həmin günü xatırlayaraq insan minnətdarlığının ən səmimi məqamını öz gözlərimlə gördüyüm üçün özümü şanslı sayıram. Fikrimcə, kerosin lampasının işığında oxunan o Yasin avazı Zərifə xanımın ruhunu mütləq şad edib, onu gülümsədib.

Əllərinin şəfası nur verdiyi insan işləyib çörək qazanıb, dolanışıq qurub, göz nurundan ailə saxlayıb, övlad böyüdüb və o övladlar, o ana Zərifə xanımın ruhu qarşısında bu cür sadə və səmimiyyətlə minnətdar idi.

Zərifə xanım həyatda sadə və çox təvazökar insan olub. Zənnimcə, onun doğum gününə bu sadə, bəzəksiz, ibarəsiz yazı kiçik, amma içdən gələn səmimi bir rəhmət və minnətdarlıq olar.

Pərviz Yəhyalı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
icma.az

1Mənbələr