AZ

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu.

Dövlət başçısı özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin Azərbaycana böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Seçilən
61
49
aznews.az

10Mənbələr