AZ

“Azərbaycanın bu addımı Ermənistanın müdafiə sənayesini geridə qoyacaq” – VACİB AÇIQLAMA

“Çexiyanın baş naziri Andrey Babişin Qəbələ səfəri bir sıra sahələrdə birgə əməkdaşlıqlarla yadda qaldı. Onlardan biri də müdafiə sahəsidir”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, bu sahədə Azərbaycan-Çexiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur:

“Çexiya Respublikası ilə müdafiə sənayesindəki əməkdaşlığımızı Azərbaycanın növbəti uğuru kimi qiymətləndirirəm. Cənab Prezidentin müdafiə sənayesinin gücləndirilməsi sahəsində atdığı qətiyyətli addımlar təqdirəlayiqdir”.

ARZU

Arzu Nağıyev qeyd edib ki, bu, müdafiə sahəsində bizim Çexiya ilə ilk əməkdaşlığımız deyil:

“Bundan öncə də Çexiyadan hərbi təyinatlı məhsullar alırdıq. Yeni mərhələdə isə artıq bu məhsulların birgə istehsalı ilə bağlı ciddi addımlar atılır. Bu məsələ Çexiyanın baş naziri Andrey Babişin Qəbələ səfəri zamanı detallı müzakirə olunub”.

Komitə sədri Qəbələ səfərindəki müzakirələr və razılaşmaların detallarına da diqqət çəkib:

“Azərbaycan Çexiyanın müdafiə sektorunda fəaliyyət göstərən “L-39NG Aero Vodochody”, “CSG Aerospace”, “Česká Zbrojovka”, “Colt” kimi şirkətləri ilə bu sahədə müəyyən layihələri müzakirə edib. Baxmayaraq ki, bizim müdafiə sahəsində İsrail, Türkiyə, İtaliya kimi ölkələrlə işbirliyimiz var. Çexiya ilə əməkdaşlıq diversifikasiya baxımından mühüm addımdır. Çexiya İkinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dövrdə dünyada hərbi avadanlıq və silahların ən böyük istehsalçısı statusunu qazanıb. Əlbəttə ki, bu əməkdaşlığın Azərbaycan üçün bir sıra üstünlükləri olacaq. Çexiya hərbi şirkətləri Azərbaycanın hərbi arsenalında yer alan köhnə texnikanın modernləşdirilməsində, onun hərbi sənayesinin xarici bazarlardan asılılığının minimuma endirilməsində mühüm rol oynaya bilər. Texnologiya transferi, yerli mütəxəssislərin yetişməsi, yerli istehsalın inkişafı Azərbaycanın hərbi sahədə öz məhsullarlarını xarici bazara çıxarması deməkdir”.

Milli Məclisin komitə rəhbəri Çexiyanın NATO standartlarına uyğun hərbi-sənaye sisteminə malik olduğunu vurğulayıb:

“Çexiya ilə hərbi əməkdaşlıq eyni zamanda NATO standartları vəd edir. Bu da Azərbaycanın mövcud arsenalının modernləşdirilməsində mühüm addım olacaq”.

Arzu Nağıyev qeyd edib ki, texnologiyanın inkişafı özünü hərbi sahədə də göstərir:

“Bu gün dünyanın öndə gələn orduları müasir texnologiya ilə təchiz olunub. Bu baxımdan Azərbaycanın bu addımı Ermənistanın müdafiə sənayesini xeyli geridə qoyacaq. Bu üstünlük qarşı tərəfin münaqişəyə olan meyilliliyini azalda bilər. Azərbaycanın alıcı ölkə modelindən istehsalçı ölkə modelinə keçidi onun beynəlxalq arenadakı mövqeyini gücləndirir”.

Elşad Paşasoy,
Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr