Bizimyol saytına istinadən ain.az xəbər verir.
Bakıda hazırda mövcud olan və gələcəkdə yeni tikiləcək çoxmərtəbəli binalarda kombi quraşdırmaq qadağandır.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi rəsmilərinin sözlərinə görə, bundan sonra tikilən binalarda mərkəzləşdirilmiş istilik sistemi məcburi olacaq. Bu qərar enerji səmərəliliyi və resurslara qənaət məqsədi ilə əsaslandırılır. Qərara əsasən, hündürmərtəbəli binalarda kombi quraşdırılması məhdudlaşdırılır və yalnız müəyyən şərtlərlə icazə verilir. Belə ki, 5 mərtəbədən aşağı binalarda, qaz olmayan ərazilərdə və ya bərpa olunan enerji mənbələri istifadə edilən layihələrdə fərdi istilik sistemlərinə icazə olacaq. Yeni qaydalar tikinti şirkətləri və mənzil sahibləri üçün mühüm dəyişiklik hesab olunur.
Lakin eyni zamanda sakinlər mərkəzi istiliyin vaxtından əvvəl dayandırılması səbəbindən evlərin kifayət qədər isinmədiyini və soyuq şəraitdə yaşamağa məcbur qaldıqlarını bildirir. Havaların hələ də sərin keçdiyi günlərdə istiliyin kəsilməsi narazılığı daha da artırır.
İstilik mövsümünün uzadılması dövlətə nə qədər əlavə xərc gətirir?Bu qərardan sonra kombi sistemi və ya fərdi istilik imkanı olan mənzillərin bazar qiymətləri artıb daha baha satılması mümkün ola bilərmi?
Bu barədə Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, iri qazanxananın sutkalıq qaz sərfiyyatı orta hesabla 30-50 min kubmetr olur: “İstilik mövsümünün uzadılmasının dövlətə əlavə xərcini dəqiq rəqəmlə demək çətindir, çünki bu, havadan, neçə gün uzadılmasından və sistemin sərfiyyatından asılıdır. Amma mexanizmi belədir: Bakıda mərkəzi istilik əsasən “Azəristiliktəchizat” tərəfindən verilir və qazanxanalar təbii qazla işləyir. Mövsüm rəsmi olaraq noyabrın 15-dən aprelin 15-ə qədərdir, təxminən 150 gün. Hər əlavə gün üçün qazanxanalar işləməli, qaz yandırmalı, işçi, nasos, elektrik xərci çıxmalıdır.
Bir iri qazanxananın sutkalıq qaz sərfiyyatı orta hesabla 30-50 min kubmetr olur. Qazın dövlət üçün maya dəyəri aşağı olsa da, onu ixrac etmək əvəzinə daxildə yandırırsan, yəni potensial gəlirdən məhrum olursan. Bakı üzrə yüzlərlə qazanxana var. Mövsümü 10 gün uzatmaq şəhər üzrə milyonlarla kubmetr əlavə qaz deməkdir. Üstəlik qazanxanaların köhnə olması itkiləri artırır: borularda 20-25% istilik itkisi var. Yəni yandırdığın qazın dörddə biri heç mənzilə çatmır”.
Akif Nəsirli qeyd edir ki, Energetika Nazirliyi mövsümü uzatmaq istəmir: “Bütün bunları toplayanda istilik mövsümünün hər əlavə həftəsi dövlətə milyon manatlarla əlavə xərc yaradır. Ona görə də Energetika Nazirliyi mövsümü uzatmaq istəmir, “normativə uyğun hava temperaturu” arqumenti gətirir. Amma aprelin ortasında havalar 8-10 dərəcə olanda evlər soyuyur, xüsusilə körpə, yaşlı olan ailələr əziyyət çəkir. Nəticədə insanlar elektrik qızdırıcısı qoşur, bu da şəbəkəni yükləyir, yanğın riskini artırır. Yəni dövlət qaza qənaət edir, amma sosial narazılıq və təhlükəsizlik riski yaranır”.
Akif Nəsirli həmçinin vurğulayıb: “Kombi imkanı olan mənzillərin qiyməti artıq bahalaşır və bu trend davam edəcək. Qərar çıxandan sonra 5 mərtəbədən hündür yeni tikililərdə kombi qadağan olundu. Köhnə binalarda və 5 mərtəbədən alçaq yeni binalarda kombi qalır. Deməli bazarda “kombili mənzil” təklifi məhdudlaşdı. Tələb isə azalmadı, əksinə artdı. Çünki insanlar mərkəzi istiliyin aprelin 15-də kəsilməsindən, payızda gec qoşulmasından narazıdır. Kombi olanda özün idarə edirsən, istəyəndə yandırırsan, istəyəndə söndürürsən.
Daşınmaz əmlak bazarında “defisit mal” həmişə baha satılır. Rieltorlar artıq elanlarda “kombi var”, “fərdi istilik sistemi” yazısını qabardır. Eyni yerdə, eyni kvadrata malik iki mənzildən kombili olan 8-15% baha təklif olunur. Xüsusilə ailəli alıcılar, uşaqlı və yaşlısı olanlar kombiyə üstünlük verir. Kirayə bazarında da fərq var: kombili 2 otaqlı mənzil mərkəzi istilikli ilə müqayisədə ayda 50-100 manat baha verilir.
Gələcəkdə yeni hündürmərtəbəlilərin hamısı mərkəzi istiliklə olacaq. Köhnə fondda kombili mənzillərin sayı isə artmayacaq, əksinə “köhnəlik” amilinə görə azalacaq. Təklif azalıb, tələb çoxalanda qiymət qalxır. Ona görə də yaxın 2-3 ildə kombi sistemi olan mənzillərin həm satış, həm kirayə qiymətində fərq daha da böyüyəcək”.
Akif Nəsirli əlavə edib: “Bir riski də deyim: bəzi tikinti şirkətləri qadağanı “dəlmək” üçün binanı sənəddə 5 mərtəbə göstərib, mansard, texniki mərtəbə adı ilə 6-7 mərtəbə tikə bilər ki, kombi qoysun. Yoxlamalar sərt olsa, bu yol da bağlanacaq və kombili mənzil lap “premium” seqmentə keçəcək”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.