AZ

Piylənmə immun hüceyrələrində uzunmüddətli “iz” BURAXIR

Alimlər müəyyən ediblər ki, piylənmə insanın immun sistemində uzun müddət qalan dəyişikliklər yarada bilər. Bu dəyişikliklər arıqladıqdan sonra da qalır və diabetlə bəzi xərçəng növlərinin riskini artırır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "EMBO Reports" jurnalında dərc olunub.

Birmingham Universiteti alimləri bildiriblər ki, immun sisteminin T-helper hüceyrələri piylənmə dövrünə dair xüsusi “yaddaş” saxlayır. Bu yaddaş DNT-də baş verən epigenetik dəyişikliklər – metilləşmə prosesi nəticəsində formalaşır.

Tədqiqatçıların sözlərinə görə, bu dəyişikliklər arıqlamadan sonra da 5 ildən 10 ilə qədər davam edə bilər. Nəticədə immun hüceyrələri orqanizm hələ də piylənmə vəziyyətində imiş kimi fəaliyyət göstərir.

Bu hal toxumaların təmizlənməsi, iltihabın tənzimlənməsi və immun sisteminin yaşlanma prosesinə mənfi təsir göstərə bilər.

Araşdırma zamanı piylənmədən əziyyət çəkən şəxslər, arıqlayan könüllülər, fiziki məşq proqramlarında iştirak edənlər və nadir genetik piylənmə formaları olan xəstələr üzərində analiz aparılıb. Bundan əlavə, siçanlar və hüceyrə modelləri də öyrənilib.

Nəticələr göstərib ki, çəki normallaşdıqdan sonra belə, əvvəlki metabolik vəziyyətin izi immun sistemində qalır. Bu da ikinci tip diabet və bəzi xərçəng növləri kimi xəstəliklərin riskinin uzun müddət yüksək qalmasına səbəb ola bilər.

Alimlər vurğulayıblar ki, bu nəticələr xəstəliklərin qaçılmaz olduğunu göstərmir. Lakin normal çəkinin uzun müddət qorunmasının vacibliyini bir daha təsdiqləyir. Gələcəkdə isə immun sisteminin piylənmə yaddaşını “silməyə” yönəlmiş yeni müalicə üsullarının hazırlanması nəzərdən keçirilir.

NURİYYƏ

Seçilən
52
1
redaktor.az

2Mənbələr