Avropa liderlərinin Azərbaycana ard səfərləri Prezident İlham Əliyevin əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenskini, ardınca isə Çex Respublikasının Baş naziri Andrey Babişi Qəbələdə qəbul etməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını göstərir.
Bu görüşlər Avropanın Azərbaycana artan marağının, eyni zamanda siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinin bariz nümunəsidir.
“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu səfərlərin heç biri təsadüfi deyil.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, imici artıq ədədi deyil, həndəsi silsilə üzrə artmaqdadır:
“Avropa dövlətlərinin liderlərinin ardıcıl olaraq Azərbaycana səfərləri bu qənaəti bir daha möhkəmləndirir. Son günlərdə Latviya və Ukrayna prezidentlərinin Azərbaycana səfərləri oldu. Ardınca Çexiya Respublikasının Baş nazirinin səfəri baş tutdu, qarşıda isə İtaliya Respublikasının Baş naziri Corcia Meloninin səfəri gözlənilir.
Yəni bunların heç biri təsadüfi xarakter daşımır və bu gün Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində oynadığı misilsiz rolla əlaqədardır. Bu, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən, çoxvektorlu, müstəqil və eyni zamanda, tərəfdaşlarımızın maraqlarını nəzərə alan siyasətinin təsdiqidir.
Səfər edən ölkələrin liderləri Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlı olduqlarını bildirirlər. Eyni zamanda, enerji təhlükəsizliyi məsələləri, logistika, yükdaşımalar, bağlantılar, kənd təsərrüfatı, sənaye və son dövrdə hərbi-sənaye kompleksi, müdafiə sənayesində əməkdaşlığın inkişafını dilə gətirirlər. Bu sahələrdə Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətlərini ortaya qoyurlar”.
Deputat qeyd edib ki, Azərbaycanla Çexiya arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir:
“Çexiya Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı biz nəyə şahidlik etdik? 50-yə qədər böyük şirkətin nümayəndəsi Azərbaycana gəlmişdi və bu şirkətlər Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyir.
Xüsusilə də Çexiya neftə olan tələbatının 42 faizini Azərbaycanın hesabına ödəyir. Qaz satışı sahəsində niyyətlərini və istəklərini ortaya qoyub. Onlar yaxın zamanlarda Azərbaycandan qaz da almağı planlaşdırırlar.
Çexiya istəyir ki, Azərbaycan həm də qaz sahəsində Avropanın bu ölkəsinə dəstək versin. Azərbaycan Prezidenti cənab İlham Əliyev də vurğuladı ki, bu gün Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir. Biz bu gün 16 dövlətə qaz satırıq. Onlardan 10-u məhz Avropa İttifaqı ölkələridir. Çexiya da bu sırada yer almaq istəyir”.
Elman Nəsirov əlavə edib ki, yaşıl enerji layihələrinin həyata keçirilməsi nəticəsində ölkənin əlavə qaz ehtiyatları formalaşacaq:
“Azərbaycan 2032-ci ilə qədər 8 giqavatlıq yaşıl enerji istehsal etməyi planlaşdırır. Bu istiqamətdə müvafiq sənədlər də imzalanıb. Bunun hesabına təxminən 3-4 milyard kubmetr əlavə qaz ehtiyatımız yaranacaq ki, o da Avropaya göndəriləcək.
2027-ci ilə qədər Azərbaycan Avropaya 20 milyard kubmetr qaz satışı həyata keçirmək istəyir. Hazırda isə təxminən 13,5 milyard kubmetr qazı Avropa ölkələrinə göndəririk. Çexiya da həmin sırada yer almaq niyyətindədir.
Çexiya Avropanın çox güclü hərbi-sənaye kompleksinə malik dövlətlərindən biridir. Hələ 1939-cu ildə Çexiya dünyada ən çox hərbi məhsullar istehsal edən ölkələr sırasında idi. İndi də bu ənənə qorunub saxlanılır.
Azərbaycanın Çexiya ilə bu sahədə əməkdaşlıq etmək niyyəti var və hər iki tərəf bunu istəyir. Gələcəkdə bu sahədə birgə müəssisələrin təşkili də nəzərdə tutulub”.
O vurğulayıb ki, ölkəmiz özünü dünyada etibarlı tərəfdaş kimi təsdiqləyib və Azərbaycan Prezidentinə də etibarlı dövlət başçısı kimi yanaşılır:
“Onu da qeyd edək ki, Azərbaycanda bu gün hərbi təyinatlı məhsulların istehsalı üçün 20-dən artıq zavod tikilib. Onlar mindən artıq çeşiddə hərbi məhsul istehsal edirlər və biz dünya bazarına bu məhsulların satışını həyata keçiririk.
Bu sahədə də əməkdaşlığın geniş perspektivləri var. Bütövlükdə, bu gün Azərbaycan özünü bütün dünyaya, o cümlədən Avropa ölkələrinə etibarlı tərəfdaş kimi göstərib və bunu əməli addımları ilə təsdiq edib.
Azərbaycan Prezidentinə də etibarlı dövlət başçısı kimi yanaşırlar. Bilirlər ki, onun sözünün imzası qədər dəyəri var. Son səfərlər də bir daha bu həqiqəti təsdiqləyir”.