AZ

Məktəbdə İNSİDENT: 4-cü sinif şagirdi sanitar qovşaqda DÖYÜLÜB

Ajans.az-ın qaynar xəttinə daxil olan məlumata görə, Gəncə şəhərində yerləşən 20 saylı tam orta məktəbdə 4-cü sinif şagirdi Vəliyeva Arzu (ad şərtidir) həmin məktəbin şagirdi olan Məmmədova Lalə (şərti ad) tərəfindən sanitar qovşağa aparılaraq döyülüb. Hadisə nəticəsində azyaşlının dizi yaralanıb və göyərib. Faktla bağlı məktəbin direktoruna və sahə rəisinə məlumat verilməsinə baxmayaraq, şikayətə baxılmayıb. Azyaşlının nənəsi Çimnaz Məmmədovanın sözlərinə görə, hadisə artıq neçənci dəfədir ki, təkrarlanır. O bildirib ki, direktor, müəllimlər və aidiyyəti qurumlara müraciət edib. Lakin məsələ ilə bağlı heç bir tədbir görülməyib. Faktla bağlı detalları öyrənmək üçün adı çəkilən təhsil müəssisəsi və şəhər üzrə regional idarə ilə əlaqə saxladıq. Gəncə şəhəri M.A. Abbaszadə adına 20 nömrəli tam orta ümumtəhsil məktəbindən sorğumuza cavab olaraq bildirilib ki, bir şagirdin digərinə xəsarət yetirməsi ilə bağlı məsələ araşdırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-də tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib. Bildirilib ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb, həmçinin valideynlərə mövcud vəziyyət ətraflı izah edilib. Qeyd olunub ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.

Seçilən
34
Ajans.az

1Mənbələr