AZ

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın həyat yoluna nəzər saldıqda yalnız fədakar bir alimin deyil, eyni zamanda, zəngin mənəviyyata malik nümunəvi bir şəxsiyyətin obrazı canlanır: “Onun həyat fəlsəfəsi elmə sədaqət, insanlığa xidmət və milli-mənəvi dəyərlərə bağlılıq prinsiplərini özündə təcəssüm etdirir. Zərifə xanım Əliyevanın fəaliyyəti yalnız tibb sahəsi ilə deyil, bütövlükdə cəmiyyətin inkişafı ilə sıx bağlı olub. O, insan sağlamlığının, milli və bəşəri dəyərlərin qorunması, intellektual və vətənpərvər gənc nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərib”.

Onun sözlərinə görə, Zərifə xanım Əliyeva göz xəstəliklərinin öyrənilməsi və profilaktikası sahəsində apardığı fundamental tədqiqatlarla oftalmologiya elminin inkişafında yeni bir mərhələnin əsasını qoyub: “Onun elmi nailiyyətləri günümüzdə aktuallığını qorumaqla müasir tibbin inkişafına dəyərli töhfələr verməkdə davam edir. Nümunəvi pedaqoq olan Zərifə xanım Əliyevanın yetişdirdiyi kadrlar bu gün Azərbaycanda və ölkə hüdudlarından kənarda uğurla fəaliyyət göstərirlər”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında bildirib ki, fədakarlığına, xeyirxahlığına və yüksək intellektinə görə insanların dərin hörmət və məhəbbətini qazanmış Zərifə xanım Əliyeva böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi: “Onun mənəvi dünyası olduqca zəngin idi, oftalmologiya elminin inkişafındakı xidmətləri isə əvəzsizdir”.

F.Bədəlbəyli Zərifə xanım Əliyevanın sənətə və musiqiyə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, sadə və təvazökar insan olan Zərifə Əliyeva hər zaman sənətkarlara qayğı ilə yanaşıb. “Onun ailəsində, evində həmişə musiqi səsi eşidilərdi. Zərifə Əliyevanın bacısı Gülarə Əliyeva məşhur “Dan ulduzu” ansamblını yaratmışdı. Zərifə xanımın özü də pianinoda çox gözəl ifa edirdi. O, Ulu Öndər Heydər Əliyevlə birlikdə tez-tez mədəni tədbirlərə, konsertlərə gələrdi. Mən özümü xoşbəxt hesab edirəm ki, Zərifə xanımı şəxsən tanımışam. Biz onun sənətkarlara diqqətini heç vaxt unutmuruq. Gənclərimiz də bilməlidir ki, tariximizdə belə dəyərli qadınlar olub”, - deyə rektor vurğulayıb.

Çıxış edən Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, general-mayor Yusif Axundzadə bildirib ki, Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb: “Bu işıqdan hamıya - ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara pay çatırdı. Onun ömür yolu parlaq səhifələrlə zəngindir”.

Y.Axundzadə əlavə edib ki, akademik Zərifə Əliyeva zəngin irs qoyub, öz tədqiqatları ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəliyə aparıb: “Zərifə xanımı xatırlayanda göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük”.

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Zərifə Əliyevanın bacısı qızı Ayəndə Adilova qeyd edib ki, Zərifə xanım Əliyeva yüksək insani keyfiyyətləri ilə Azərbaycan qadınının ideal obrazını yaradıb: “Zərifə xanım musiqisevər bir insan idi. Onun bacısı, mənim anam Gülarə Əliyeva “Dan ulduzu” instrumental ansamblını yaradandan sonra birlikdə ailə tədbirlərində tez-tez pianinoda ifa edirdilər. Musiqi onların evində daim səslənirdi”.

“Oftalmologiya elminə verdiyi töhfələrlə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyat yolu bizim üçün parlaq nümunədir”, - deyə A.Adilova əlavə edib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
5
azertag.az

6Mənbələr