Gədəbəy, 28 aprel, AZƏRTAC
Gədəbəydə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı Mikayıl Xıdırzadənin xatirəsinə həsr olunmuş orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında riyaziyyat üzrə I fənn olimpiadası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, "Regional İnkişaf" İctimai Birliyi və Gədəbəy Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə aprelin 18-dən başlanılan olimpiadanın seçim mərhələsində 150 şagird, final mərhələsində isə mübarizə hüququ qazanan 54 şagird qalibiyyət uğrunda mübarizə aparıb. Biliyi ilə fərqlənənlərin mükafatlandırma mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin, "Regional İnkişaf" İctimai Birliyinin və Gədəbəy Dayanıqlı İnkişaf Mərkəzinin nümayəndələri, eləcə də görkəmli alim Mikayıl Xıdırzadənin ailə üzvləri iştirak ediblər. Vurğulanıb ki, tanınmış alim Mikayıl Xıdırzadənin zəngin elmi irsini yaşatmaq məqsədilə təşkil olunan bilik yarışı həm də şagirdlərdə riyaziyyata marağı artırmaq və istedadlı gəncləri üzə çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Qaliblər və onların müəllimləri diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Müxbir – Vüsalə Cənnətova