ABŞ İranın kölgə bank sistemində iştirak edən 35 şəxs və təşkilata sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, Vaşinqton həmçinin Hörmüz boğazından keçmək üçün Tehrana pul ödəyən Çin neft emalı zavodları ilə işləyən banklara xəbərdarlıq edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiya tətbiq edilən şəxslərin və təşkilatların sanksiyalardan yayınma və terrorizmin maliyyələşdirilməsi sxemlərinin bir hissəsi olaraq on milyardlarla dolların hərəkətini asanlaşdırdığını açıqlayıb.
Hədəfdə olan təşkilatlar arasında İranın Şahr Bankı ilə neft satmaq üçün tərəfdaşlıq edən Farab Soroush Afagh Qeshm, eləcə də Bank Sina və Bank Sepah ilə əlaqəli bir neçə şirkətlər var. Sonuncular İranın ballistik raket proqramını maliyyələşdirir.
OFAC banklara xüsusi xəbərdarlıq edib: Hörmüz boğazından keçmək üçün İran hökumətinə və ya SEPAH-a edilən hər hansı bir ödəniş ciddi sanksiyalarla nəticələnəcək.
Xüsusi diqqət əsasən Şandun əyalətində yerləşən müstəqil Çin neft emalı zavodlarına - "çaydanlara" yönəldilib. Vaşinqton qeyd edir ki, onlardan bəziləri Amerika maliyyə sistemi vasitəsilə dollar əməliyyatları həyata keçirir. Çin İran neftinin 80 faizindən çoxunu alır.
Tramp administrasiyası artıq Çinin beş neft emalı zavoduna sanksiyalar tətbiq edib; Onların arasında ötən həftə sanksiya siyahısına salınan, İran neftinin ən böyük alıcılarından biri olan Hengli Petrochemical da var.
2025-ci ilin fevral ayından bəri OFAC təxminən 1000 İran fiziki və hüquqi şəxsinə, gəmisinə və təyyarəsinə məhdudiyyətlər tətbiq edib. Maliyyə naziri Skott Bessent İranın kölgə bank sistemini ölkə ordusu üçün "kritik maliyyə xilasetmə xətti" adlandırıb və bu şəbəkələrlə əlaqəsi olan hər kəs üçün "ciddi nəticələr" barədə xəbərdarlıq edib.