Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 29 aprel, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi Azərbaycanda şəhərsalma sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.
Bu barədə AZƏRTAC-a açıqlamasında əmlak üzrə ekspert və marketoloq Firdovsi Xəlilov bildirib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan işlər yalnız dağıdılmış infrastrukturu bərpa etməyə deyil, eyni zamanda, yeni şəhər mühiti və həyat tərzinin formalaşdırılmasına yönəlib. “Bu ərazilərdə həyata keçirilən layihələrdə əsas yanaşma müasir texnologiyalarla milli memarlıq ənənələrinin uzlaşdırılmasıdır. Bu baxımdan Zəngilan rayonunda icra olunan “ağıllı kənd” layihəsi xüsusi diqqət çəkir. Burada alternativ enerji mənbələrinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri və ekoloji həllər ön plandadır. Eyni zamanda, yaşayış evlərinin planlaşdırılmasında, tikinti materiallarında və ümumi landşaftda bölgənin tarixi memarlıq üslubu qorunur”, – deyə ekspert vurğulayıb.
F.Xəlilov qeyd edib ki, şəhərsalma baxımından da innovativ yanaşmalar tətbiq olunur. Onun fikrincə, Laçın şəhərinin yenidən qurulması zamanı vahid memarlıq ansamblı prinsipinə üstünlük verilməsi xüsusi əhəmiyyət daşıyır. “Bu modeldə binalar ayrı-ayrılıqda deyil, ümumi kompozisiyanın tərkib hissəsi kimi nəzərdə tutulur. Küçələrin eni, piyada zonalarının təşkili, yaşıllıq sahələrinin payı və tikililərin hündürlüyü əvvəlcədən elmi əsaslarla planlaşdırılıb. Nəticədə şəhər sakinləri üçün rahat, funksional və estetik baxımdan cəlbedici mühit formalaşdırılır. Bu yanaşma müəyyən mənada Skandinaviya ölkələrinin şəhərsalma təcrübəsini xatırladır”, – deyə o əlavə edib.
Ekspert bildirib ki, Ağdam şəhərində aparılan yenidənqurma işləri də özünəməxsus xüsusiyyətləri ilə seçilir: “Şəhər demək olar ki, sıfırdan qurulsa da, onun tarixi izi qorunur. Ağdam Cümə məscidinin bərpasında ilkin memarlıq elementlərinin saxlanılması bu baxımdan mühüm nümunədir. Eyni yanaşma Şuşa şəhərində də müşahidə olunur. Tarixi binaların bərpasında arxiv materiallarına və köhnə fotoşəkillərə istinad edilir ki, şəhərin orijinal ruhu itirilməsin. Mehmandarovların malikanəsi və Xurşidbanu Natəvanın evi kimi tarixi məkanların bərpasında bu prinsip açıq şəkildə görünür”.
Onun sözlərinə görə, bölgədə həyata keçirilən layihələrdə ekoloji dayanıqlılıq prioritetlərdən biridir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması bu istiqamətdə strateji yanaşmanın göstəricisidir. Günəş və külək enerjisi layihələrinin icrası, yaşıllıq sahələrinin genişləndirilməsi, su və digər resursların səmərəli idarə olunması gələcək şəhərlərin dayanıqlı inkişafına xidmət edir. Kommunikasiya xətlərinin əvvəlcədən planlaşdırılması, nəqliyyat infrastrukturunun optimallaşdırılması və ekoloji balansın qorunması uzunmüddətli perspektivdə bu şəhərlərin daha komfortlu və yaşana bilən olmasını təmin edəcək.
F.Xəlilov vurğulayıb ki, bu model dünya təcrübəsi ilə də səsləşir. “Müharibədən sonra bərpa olunmuş bir sıra Avropa şəhərlərində – Varşava, Sarayevo və Almaniyanın bəzi şəhərlərində tətbiq olunan yanaşmalar burada da müşahidə olunur. Yəni məqsəd təkcə yeni binalar inşa etmək deyil, şəhərin yaddaşını qorumaq və müasir həyat standartlarına cavab verən mühit yaratmaqdır”, – deyə o qeyd edib.
Müsahibmizin fikrincə, bu yanaşma Azərbaycanda şəhərsalma mədəniyyətinin yenilənməsinə də təkan verir. “Etiraf etmək lazımdır ki, uzun illər ərzində, xüsusilə paytaxtda tikinti prosesləri müəyyən hallarda plansız və pərakəndə şəkildə həyata keçirilib. Nəticədə vahid memarlıq harmoniyası və məhəllə mədəniyyəti zəifləyib. Halbuki Bakının XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşmış memarlıq ənənələri olduqca zəngindir və Avropa şəhərlərinin təsiri ilə unikal estetik mühit yaradıb. Bu gün azad olunmuş ərazilərdə tətbiq edilən yeni yanaşma həmin ənənələrin müasir formada bərpasına imkan yaradır”, – deyə F.Xəlilov bildirib.
Ekspert qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni şəhərlər gələcək üçün nümunəvi model rolunu oynaya bilər. “Burada formalaşan şəhərsalma fəlsəfəsi – müasirlik, ekoloji tarazlıq və tarixi irsin qorunmasının vəhdəti gələcəkdə ölkənin digər regionlarında da tətbiq olunarsa, Azərbaycanın urbanistik inkişafı daha sistemli və dayanıqlı xarakter alacaq”, – deyə o vurğulayıb.
Müxbir - Vüqar Qurbanoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.