Ölkə çempionatının iştirakçıları növbəti dəfə eyni problemlə üzləşib.
Premyer Liqa, I Liqa və II Liqa təmsilçiləri 2 aya yaxındır maliyyə yardımı ala bilmir.
Futbolun İnkişafı Fondu vasitəsilə SOCAR tərəfindən ayrılan vəsaitin köçürülməsi prosesində uzun fasilə yaranıb. Klublar sonuncu dəfə fevral ayına aid ödəmələri alıb.
AFFA-dan əldə etdiyimiz məlumata görə, problem onlardan asılı olmayan bir sıra səbəblərlə bağlıdır. Mövcud çətinliyin bu ayın sonunadək həllini tapması gözlənilir.
Başqa məsələ ortaya çıxmasa, əvvəlcə mart ayının pulu çempionat mənsublarının bank hesabına yatırılacaq. Mayın ilk yarısında isə aprel ayının ödəməsi həyata keçiriləcək.
Dövlət artıq dördüncü mövsümdür ki, klublara yardım kampaniyası həyata keçirir. İanələr liqaların statusuna uyğun şəkildə müəyyənləşdirilib.
Premyer Liqa təmsilçilərinə ayrılan illik vəsait 2,5 milyon manat təşkil edir.
I Liqanın nümayəndələrinə çatan məbləğ 300 min manatdır. II Liqada yarışanlar isə 5800 manatla kifayətlənməli olur.
SPORTİNFO.AZ