
2015-ci ilin əvvəlində Azərbaycanda 677 min sahibkarlıq subyekti mövcud idisə, 2025-ci ilin sonuna 1 milyon 680 mini keçərək son 10 ildə təxminən 2,5 dəfə artıb.
Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Sahibkarlar Gününün təsis olunmasından ötən 10 il ərzində ölkədə sahibkarlıq mühiti mahiyyət etibarilə yeni mərhələyə keçib:
"Əgər 2015-ci ilin əvvəlində sahibkarlıq daha çox formalaşma və institusional quruculuq mərhələsində idisə, 2025-ci ilin sonuna gəldikdə biz artıq genişlənmiş, rəqəmsallaşmış və daha inklüziv bir sahibkarlıq modelini müşahidə edirik.
Rəqəmlərin müqayisəsi göstərir ki, 2015-ci ilin əvvəlində Azərbaycanda 677 min sahibkarlıq subyekti mövcud idisə, 2025-ci ilin sonuna 1 milyon 680 mini keçərək son 10 ildə təxminən 2,5 dəfə artıb.
Bu artımın strukturuna baxdıqda isə çox vacib tendensiyanı görə bilirik, belə ki, hüquqi şəxslərin sayı 10 il ərzində 126% artıb. Bir sözlə, Azərbaycanda sahibkarlıq say baxımından böyüyüb, struktur baxımından sabitləşib, sosial baxımdan isə genişlənib.
Digər mühüm dəyişiklik isə rəqəmsallaşmadır. Əgər 2015-ci illərdə sahibkarlıq daha çox ənənəvi üsullarla fəaliyyət göstərirdisə, bu gün elektron qeydiyyat, onlayn xidmətlər və rəqəmsal platformalar biznes mühitinin ayrılmaz hissəsinə çevrilib. Bu isə sahibkar üçün həm vaxt, həm də resurs baxımından ciddi üstünlüklər yaradır".
Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin 76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın milli iqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.