Gələcək şəhərlərin formalaşmasında əsas amillər sırasında sahibkarlıq və innovasiya ekosistemləri yer alır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə deyib.
Komitə sədri bildirib ki, ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı, investisiya mühitinin formalaşdırılması, ixracın təşviqi, eləcə də şəhərsalma və tikinti sahəsində həyata keçirilən islahatlar dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin şəhərsalma və tikinti sektoru genişmiqyaslı transformasiya mərhələsindən keçib. Belə ki, normativ hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib, tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb, səmərəli və dayanıqlı mənzil siyasəti həyata keçirilib.