AZ

Hava niyə qeyri sabitdir? Ekoloq səbəbləri açıqladı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müşahidə olunan kəskin və qeyri-sabit hava dəyişiklikləri, ani temperatur fərqləri, intensiv yağıntılar və uzunmüddətli quraqlıq dövrləri iqlimlə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bu proseslərin qlobal iqlim dəyişiklikləri ilə əlaqəsi və onların Azərbaycan üçün mümkün uzunmüddətli təsirləri əsas diqqət mərkəzindədir və bu dəyişikliklərin gələcəkdə ekoloji, iqtisadi və sosial sahələrə necə təsir göstərəcəyi ilə bağlı suallar doğurur.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, müşahidə olunan meteoroloji dəyişikliklər, havanın tez-tez dəyişməsi, intensiv yağışların yağması, ardınca quraqlığın baş verməsi, kəskin küləklərin olması və temperaturun tez-tez dəyişməsi iqlim dəyişmələrinin birbaşa təsiridir. "Bildiyimizə görə, son qiymətləndirmələrə əsasən orta temperaturda təxminən 1,5 dərəcə Selsi artım baş verib. Bu artım həm istiləşmə, həm də müəyyən hallarda soyuqlaşma mühiti yaradır. Temperaturun yüksəlməsi nəticəsində bəzi buzlaqlarda ərimə müşahidə olunur, eyni zamanda kəskin küləklərin və intensiv yağıntıların sayı artır. Bu proseslər bir sıra fəsadlarla müşayiət olunur. Məsələn, uzunmüddətli və intensiv yağışlar insanların həyatına, təsərrüfat fəaliyyətinə, yol və digər infrastruktura ciddi ziyan vurur, əkin sahələrini məhv edir. Havanın kəskin dəyişməsi isə bitkilərin və ağacların inkişafını ləngidir".Ekoloq bildirib ki, bütün bunlar artıq qlobal iqlim dəyişmələrinin real nəticələridir və biz bu proseslərlə üz-üzəyik. "Bu istiqamətdə hər il keçirilən iqlim konfransları, COP iclasları çərçivəsində müxtəlif öhdəliklər müəyyən olunur, yanacaq istehlakının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Lakin buna baxmayaraq, bu keçid hələ tam şəkildə baş verməyib və nəticələr yetərincə hiss olunmur. Digər tərəfdən, regionda baş verən müharibələr, partlayışlar, raket atışları da müəyyən dərəcədə iqlimə təsir göstərə bilir. Bununla yanaşı, iqlim dəyişmələri Arktik soyuq hava kütlələrinin intensivləşməsi və Aralıq dənizi hövzəsindən daxil olan isti hava kütlələri ilə toqquşması nəticəsində də özünü göstərir. Bu şəraitdə əsas məsələ iqlim dəyişmələrinə uyğunlaşmaqdır".Onun sözlərinə görə, artıq bu dəyişikliklərə adaptasiya tədbirləri ön plana çıxır. "Ölkə Prezidentinin imzaladığı son sərəncamla daşqın və sellərin qarşısının alınması, infrastrukturun təkmilləşdirilməsi və yağış sularının idarə olunması məqsədilə maliyyə vəsaiti ayrılıb. Bu layihələrin həyata keçirilməsi yaxın zamanda ölkənin bu cür kəskin iqlim dəyişikliklərinə hazırlığını artıracaq. Əvvəllər daha çox qabaqlayıcı, yəni mitigasiya tədbirləri ön planda idi. Lakin hazırda artıq baş vermiş dəyişikliklərə uyğunlaşma, adaptasiya tədbirləri daha aktualdır. Hesab olunur ki, qəbul edilən yeni qərarlar bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsinə töhfə verəcək".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr