Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində işlər aparıldığını bildirib.
Bəs saatlıq əməkhaqqı sistemi nədir və necə tətbiq olunur?
Day.Az saatlıq əməkhaqqı sisteminin necə işlədiyi ilə bağlı prosesi ətraflı izah edir.
Belə ki, saatlıq əməkhaqqı modeli işçinin qazancının işlədiyi saatların sayına uyğun hesablanmasını nəzərdə tutur.
Yəni artıq maaş sabit aylıq məbləğ kimi deyil, faktiki işlənilən vaxt əsasında müəyyən edilir. Bu yanaşma xüsusilə qeyri-sabit iş qrafiki olanlar üçün daha uyğun hesab olunur və işçinin nə qədər işləyibsə, ona uyğun ödəniş almasını təmin edir.
Bu sistemin hesablanması isə sadədir. Əvvəlcədən müəyyən olunan saatlıq tarif əsas götürülür və işlənilən saatların sayı ilə vurulur.
Məsələn, saatlıq əməkhaqqı 6 manatdırsa və işçi ay ərzində 150 saat çalışıbsa, onun maaşı 900 manat olacaq. Dünya praktikasında isə bu model ABŞ və bir çox Avropa ölkələrində geniş tətbiq olunur və əmək bazarında daha çevik sistem kimi qəbul edilir. Bu model şəffaflığı artırır və əmək bazarında daha çevik münasibətlərin formalaşmasına kömək edir.
Nəsimi Ələsgərli