AZ

Gülümsəyən depressiya: Belə aldadır

Psixoloqlar son dövrlərdə cəmiyyətdə getdikcə daha çox rast gəlinən “gülümsəyən depressiya” anlayışına diqqət çəkirlər. 

Bildirilir ki, xaricdən şən, uğurlu və hər şey qaydasında görünən insanlar daxilən ciddi emosional yorğunluq və boşluq hissi yaşaya bilərlər. Bu hal vaxtında fərq edilmədikdə, daha dərin psixoloji problemlərə səbəb ola bilər.

Bəs gülümsəyən depressiya nədir, insan bu vəziyyətdə olduğunu necə anlaya bilər?

“Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, hər gülən insan xoşbəxt deyil. 

Onun sözlərinə görə, “gülümsəyən depressiya” anlayışı insanların daxildə yaşadığı psixoloji yorğunluğu gizlədən təhlükəli bir vəziyyətdir:

“Bəzən insan ən çox güləndə, əslində ən çox yorulmuş olur. Gülümsəyən depressiya məhz budur. Kənardan hər şey qaydasında görünür, amma daxilində səssiz bir boşluq, izah olunmayan bir ağırlıq yaşanır.

Bu insanlar həyatlarına davam edir, məsuliyyətlərini yerinə yetirir, hətta başqalarına dəstək olurlar. Amma öz hisslərini ya gizlədir, ya da kiçildir. “Yaxşıyam” demək onlar üçün bir vərdişə çevrilir. Çünki zəif görünmək istəmirlər, ya da hisslərini ifadə etməyə öyrəşməyiblər.

Halbuki, basdırılan duyğular yox olmur, sadəcə insanın daxilində yığılır və onu səssizcə tükəndirir". "Gülümsəyən depressiya"nın ən çətin tərəfi onun görünməməsidir: 

"İnsan özü də çox vaxt bunu qəbul etmir. Amma hər gün gülüb, daxilində yorğun və boş hiss etmək artıq bir siqnaldır, ruhun diqqət istədiyini göstərir”.

Psixoloq bu vəziyyətin görməzdən gəlinməsinin düzgün olmadığını deyib:

“Psixoloji baxımdan bu vəziyyəti görməzdən gəlmək düzgün yanaşma deyil. Bu, sadəcə keçib gedən hal kimi qəbul olunmamalıdır. Əksinə, vaxtında müdaxilə edilməzsə, daha dərin emosional çətinliklərə gətirib çıxara bilər.

Bu səbəbdən gülümsəyən depressiya yaşayan insan üçün ən doğru addım psixoloqa müraciət etməkdir. Bu, seçim deyil, zərurətdir. 

Peşəkar dəstək insanın özünü anlamağına, hisslərini sağlam şəkildə ifadə etməsinə və bu daxili yükdən azad olmasına kömək edir”.

Seçilən
59
1
cebheinfo.az

2Mənbələr