Bakı, 29 aprel, AZƏRTAC
Gömrük Məcəlləsinə edilən dəyişiklikliyə görə, bəyannaməçinin, mal sahibinin, səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə tərtib olunan aktın 2 (iki) iş günü ərzində təqdim edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Bundan başqa, qanun layihəsinə əsasən, gömrük nəzarətinin formaları olan gömrük baxışı (məqsədləri, aparılma yeri, vaxtı və sair məsələlər tənzimlənməklə) və gömrük yoxlamasının aparılmasının (yoxlama malların eyniləşdirilməsinin təmin edilməsi məqsədil ilə həyata keçirilir) məcəllə ilə təfsilatlı tənzimlənir.
Qanun layihəsinə görə, həmçinin bir sıra dəyişikliklər də nəzərdə tutulur:
- gömrük auditinin, o cümlədən kameral və səyyar gömrük auditinin aparılmasının xüsusiyyətlərinin tənzimlənməsi;
- gömrük rəsmiləşdirilməsinin bəyannaməçinin seçimi və gömrük orqanlarının razılığı ilə digər yerlərdə də aparıla bilməsi;
- gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasının tətbiq edildiyi gömrük əməliyyatlarının dairəsinin genişləndirilməsi;
- qısa idxal bəyannaməsinin beynəlxalq təcrübəyə uyğun olaraq ləğvi müddətinin (200 gün) tənzimlənməsi;
- malların müvəqqəti saxlanca yerləşdirilməsindən irəli gələn məsələlərin tənzimlənməsi. Bu çərçivədə müvəqqəti saxlanc bəyannaməsi, malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər, habelə malların müvəqqəti saxlancda qalma müddəti ilə bağlı müddəalar tənzimlənir;
- gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda “Yaşıl Dəhliz” buraxılış sisteminin daimi istifadəçilərinə malların eyniləşdirilməsi tədbirlərini həyata keçirməsi hüququnun verilməsi (hazırda bu hüquq gömrük orqanlarına və onlar tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli iqtisadi operatorlara məxsusdur);
- hazırda malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir. Təklif olunan dəyişiklik malların saxlanması və bu sahədə xərclərin azaldılmasına yönəlməklə, malların saxlancının gömrük orqanının icazəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən anbarlarda və gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində həyata keçirilməsi imkanını müəyyən edir. Bu dəyişiklik xarici ticarət iştirakçıları üçün mühüm əhəmiyyətə malik olacaq;
- malların gömrük dəyərinin Azərbaycan Respublikasının milli valyutası ilə bəyan edilməsi;
- gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi;
- malların sürətli (ekspres) daşınması, sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri, həmin malların bəyan olunması və gömrük rəsmiləşdirilməsi ilə bağlı müddəaların məcəlləyə əlavə edilməsi. Qeyd etmək lazımdır ki, elektron ticarətin sürətli inkişafı yeni texnoloji həllərin tətbiqini və qanunvericilik aktlarının təkmilləşdirilməsini zəruri edir;
- fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı normaların mövcud olmaması, bu sahə üzrə təcrübədə rastlaşdığımız çətinliklər müvafiq tənzimlənmənin aparılmasını zəruri edir. Bu prosesin tənzimlənməsi həyata keçirilmişdir (sadələşdirilmiş bəyannamə əsasında aparılması, saxlancda bir aydan çox qalmamasının müəyyən edilməsi, qida məhsullarının saxlancda yetləşdiriməsinə yol verilməməsi və sair);
- Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası tərtib olunarkən beynəlxalq müqavilələrin (Ümumdünya Gömrük Təşkilatının malların təfsiri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında Konvensiya və Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətin vahid əmtəə nomenklaturası haqqında Saziş) nəzərə alınması. Eyni zamanda, malların sinifləşdirilməsi zamanı bölmələrə, mal qruplarına, onların mövqelərinə və yarımmövqelərinə dair ətraflı məlumatların əldə edilməsi məqsədilə beynəlxalq müqavilələrin rəsmi və ayrılmaz hissəsi olan Harmonik Sistemin İzahnaməsindən istifadə edilməsi təklif olunur;
Layihənin qəbulu idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasında, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılmasında, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsində, yükdaşımaların keyfiyyətinin yüksəldilməsində, yüklərin çatdırılma müddətinin azaldılmasında, gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin daha da təkmilləşdirilməsində, gömrük nəzarətinin risk əsasında həyata keçirilməsində, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsində, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılmasında, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsində mühüm rol oynayacaq.
Qanun layihəsi həmçinin məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisinin aradan qaldırılmasına, ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, gömrük tənzimləmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimləmə vasitələrinə uyğunlaşdırılmasına və gömrük işi üzrə digər istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcək.