“Summer Tour Azərbaycan” MMC ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.
Bu barədə turizm şirkətləri tərəfindən Pravda.az-a göndərilən bəyanatda bildirilir ki, Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən “Summer Tour Azərbaycan” MMC tərəfindən artıq satılmış və tam ödənişi həyata keçirilmiş tur paketlərinə sonradan əlavə ödəniş tətbiq edilməsi qəbuledilməzdir.
Şikayətçilərin sözlərinə görə, “Summer Tour Azərbaycan” MMC 5 ay əvvəl Türkiyəyə bilet almış hər turist üçün 65 ABŞ dolları məbləğində əlavə vəsait tələb edir.
“Bu, faktiki olaraq müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi deməkdir və təkcə etik normaların pozulması deyil, həm də turizm bazarında formalaşmış qaydalara açıq hörmətsizlikdir. Xüsusilə qeyd edirik ki, qiymət artımının geriyə tətbiq olunması tamamilə əsassızdır və heç bir iş prinsipinə uyğun gəlmir. Turizm şirkətləri olaraq bildiririk ki, bu cür qərarlar bizi süni şəkildə maliyyə zərərinə məruz qoyur. Müştərilər qarşısında öhdəliklər artıq yerinə yetirilmiş olduğu halda, əlavə ödənişin tələb olunması bütün yükü turizm şirkətlərinin üzərinə atır və bizi seçim qarşısında qoyur: ya zərəri özümüz qarşılayaq, ya da müştəri etibarını itirək. Bu vəziyyət xüsusilə yüksək satış həcmi olan turizm şirkətləri üçün kritik maliyyə riskləri yaradır və davam edəcəyi təqdirdə sektorun bir hissəsinin fəaliyyətini dayandırması qaçılmaz olacaq. Əldə olunan məlumata əsasən, turizm şirkətləri artıq bu məsələ ilə bağlı təcili iclas keçirir və yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq dövlət orqanlarına birgə müraciət etməyə hazırlaşırlar. Məqsəd bazarda ədalətli qaydaların qorunması və bu cür halların qarşısının alınmasıdır. Açıq şəkildə bəyan edirik ki, artıq bağlanmış satışlara sonradan müdaxilə etmək bazar iqtisadiyyatına ziddir və bu presedent dərhal dayandırılmalıdır. Əks halda, bu cür yanaşma turizm sektorunda etimadın tam itirilməsinə və bazarda ciddi böhranın yaranmasına səbəb olacaq”, - məlumatda qeyd olunub.
Pravda.az məsələni daha ətraflı araşdırıb.
Məlum olub ki, “Summer Tour Azərbaycan” MMC turizm şirkətlərinə qiymət artımını benzinin bahalaşması ilə əsaslandırıb. MMC-dən şirkətlərə bildirilib ki, benzinin bahalaşması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) və digər hava yolu şirkətləri təyyarə biletlərini bahalaşdırıb. Tur şirkətləri “Summer Tour Azərbaycan” MMC-dən AZAL-ın bu barədə rəsmi bildirişini tələb etsələr də, MMC tələbə əməl etməyib. Eyni zamanda araşdırmamız nəticəsində məlum oldu ki, müştərilər bu barədə AZAL-a da müraciət ediblər. AZAL isə “Summer Tour Azərbaycan” MMC-nin tələbindən xəbərsiz olduğunu, MMC-yə belə bir tələb irəli sürmədiyini bildirib.
Pravda.az "Summer Tour Azərbaycan" şirkətinin icraçı direktoru və Azərbaycan Turizm Agentlikləri. Assosiasiyasının (ATAA) İdarə Heyətinin üzvü Qüdrət Hacıyevlə əlaqə saxlamağa çalışsa da, o, zəngləri geri çevirib. Şirkətin digər nömrələri ilə də əlaqə yaratmaq mümkün olmayıb.
Aytəkin Qardaşova