Dünya sürətlənir — amma düşüncə geri qalır. İnformasiya seli içində boğulan müasir cəmiyyət getdikcə daha az düşünür, daha çox reaksiya verir. Bu isə təkcə intellektual yox, həm də siyasi böhranın başlanğıcıdır. Ən təhlükəlisi isə odur ki, bu proses çox zaman hiss olunmadan baş verir.
Politoloq Asif Adil müasir dünyada sürətin düşüncəni sıxışdırdığını deyir:
“Bu gün biz çox vaxt mahiyyətini anlamadığımız proseslərin içində tapırıq özümüzü. Sanki hamımız nömrəsini belə bilmədiyimiz bir avtobusun arxasınca qaçırıq — əsas məsələ çatmaqdır, düşünmək yox.”
Onun sözlərinə görə, informasiya bolluğu cəmiyyəti daha məlumatlı yox, daha səthi edir:
“Analitika adı ilə təqdim olunan materialların böyük hissəsi sadəcə hadisələrin nəqlidir. Dərin fikir isə artıq defisitə çevrilib.”
Asif Adil hesab edir ki, bu tendensiya siyasətin keyfiyyətinə birbaşa təsir edir:
“Fikri olmayan siyasətin ömrü qısa olar. Amma siyasətsiz fikir də cəmiyyət üçün fayda yaratmır. Problem ondadır ki, bu iki anlayış getdikcə bir-birindən qopur.”
Politoloq qlobal internet mühitinin yaratdığı illüziyaya da diqqət çəkir:
“İnternet siyasəti əlçatan edib, amma keyfiyyətli etməyib. Əksinə, demaqogiya, populizm və manipulyasiya üçün ideal platforma yaradıb.”
Onun fikrincə, bu proseslər artıq sosial-psixoloji deqradasiya yaradır:
“Bu gün siyasi mühitdə böhtan, təhrif, emosional təzyiq, stereotiplər normaya çevrilib. İnsanlar düşünmür — reaksiya verir.”
Ekspert xəbərdarlıq edir ki, əsas təhlükə strateji düşüncənin itirilməsidir:
“Fikir kasadlığı olan yerdə emosiyalar hökm sürür. Emosiyalar isə strategiyanı məhv edir.”
Asif Adil xüsusilə gənc və müstəqil dövlətlər üçün risklərin daha böyük olduğunu vurğulayır:
“Qlobal proseslərə kor-koranə qoşulmaq inkişaf deyil. Bu, sadəcə, yerində saymağın başqa formasıdır.”
O, milli ideologiyanın formalaşmasının təsadüfə buraxılmasını ciddi səhv sayır:
“Milli siyasi fikri sərhədsiz və nəzarətsiz informasiya axınının ixtiyarına vermək olmaz. Sosial şəbəkələr demokratiya mühiti deyil — bu, daha çox xaotik reaksiyalar məkanıdır.”
Sonda politoloq fikrin rolunu qısa və sərt ifadə edir:
“Fikir siyasətin dayağıdır. Ondan imtina edən cəmiyyət səs-küylü, amma istiqamətsiz bir axına çevrilir"