AZ

"Matça 17 dəqiqə vaxt əlavə olunması oyunun real axarını əks etdirmirdi" - Elvin Nəsibov

İkinci Liqanın 24-cü turunda “Qaradağ Lökbatan” ilə “Xankəndi” arasında liderlik matçı baş tutdu. İlk yarının sonlarında hesabda önə keçən Qarabağ təmsilçisi son dəqiqə qolu ilə üstünlüyünü əldən versə də, zirvədə yerini qoruya bildi. Liderin yeganə qolunun müəllifi olan, həmçinin matçın son dəqiqələrində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan Elvin Nəsibov qarşılaşmanı dəyərləndirib.

Hücumçu prinsipial matçla bağlı Fanat.Az-a belə danışıb:

"Demək olar ki, bu oyun final xarakterli idi. Buna görə də hazırlığımıza öncədən başlamışdıq. Şamaxıya da oyundan bir gün əvvəl gəlmişdik və məşqlərimizi plan üzrə davam etdirirdik.

Komandanın qarşısında qoyulan minimal məqsəd heç-heçə idi və buna nail olduq. Amma təbii ki, əsas hədəfimiz qələbə idi. Oyunun gedişatında da demək olar ki, üstün tərəf biz idik və məqsədimizə yaxın idik.

Ümumilikdə hakimlikdən narazı deyilik, amma əlavə olunan vaxtların həddindən artıq çox olduğunu düşünürəm. İlk hissəyə 6 dəqiqə, ikinci hissəyə isə 10 dəqiqə əlavə olundu və hətta bu vaxt da keçdi. Yəni ümumilikdə 17 dəqiqəyə yaxın əlavə vaxt verildi ki, bu da oyunun real axarını tam əks etdirmirdi.

Təəssüf ki, rəqib komanda məhz əlavə vaxtın son dəqiqələrində qol vurdu və oyun da bu şəkildə başa çatdı. Bu, bizə məyusedici anlar yaşatdı. Buna baxmayaraq, əldə etdiyimiz nəticə və komandanın göstərdiyi oyun bizi sevindirir. Qarşıda hələ üç oyunumuz var. Həmin qarşılaşmalara da eyni ciddiyətlə hazırlaşacağıq və inanıram ki, mövsümün sonunda qızıl medalları qazanan tərəf biz olacağıq".

"Xankəndi" 24 turda 67 xal toplayaraq zirvədə qərarlaşıb və ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı 3 xal qabaqlayır. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda növbəti turda - 5 mayda "Quba"nın qonağı olacaq.

Mirağa

Seçilən
39
1
fanat.az

2Mənbələr