AZ

Latviyalı politoloq: Riqa ənənəvi olaraq Bakı ilə əməkdaşlığa maraq göstərir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Son illərdə Azərbaycan ilə Latviya arasındakı münasibətlər davamlı inkişaf nümayiş etdirir, getdikcə daha məzmunlu və çoxşaxəli olur. Latviya Prezidenti Edqars Rinkeviçsin bu yaxınlarda Bakıya səfəri tərəflərin siyasi dialoqun dərinləşdirilməsinə və praktik əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı maraqlarının mühüm təsdiqi olub. Cənubi Qafqazın beynəlxalq gündəmdə artan rolu nəzərə alınmaqla, bu cür yüksəksəviyyəli təmaslar xüsusilə əhəmiyyətlidir və iqtisadiyyat, nəqliyyat, enerji, humanitar mübadilə sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Bu kontekstdə Azərbaycan və Latviya qarşılıqlı hörmət və praqmatik yanaşma əsasında tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını təsdiqləyir.

AZƏRTAC latviyalı politoloq, tədqiqatçı və beynəlxalq münasibətlər üzrə ekspert Elina Vroblevskaya ilə müsahibəni təqdim edir.

- Latviya Prezidentinin Azərbaycana səfərinin Riqa ilə Bakı arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini necə xarakterizə edərdiniz?

- Latviya Prezidentinin Bakıya səfərinin xüsusən də praktiki xarakterini nəzərə alsaq, şübhəsiz ki, o, böyük strateji əhəmiyyətə malikdir. Səfər zamanı ikitərəfli konkret müqavilələr imzalanıb. Bu, hər iki ölkənin əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına daha güclü təkan vermək istəyini nümayiş etdirir.

Latviya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevi Riqaya dəvət etməsi və yüksəksəviyyəli siyasi dialoqun vacibliyini vurğulaması xüsusilə əhəmiyyətlidir. Bu cür təmaslar iki ölkə arasında dostluğun daha da möhkəmləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və mədəni qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün möhkəm təməl yaradır.

Latviya ənənəvi olaraq Azərbaycanla əlaqələrə, xüsusən də biznes, logistika və ticarət sahələrində əməkdaşlığa böyük maraq göstərir. Son illərdə bu sahələrdə qarşılıqlı əlaqə nəzərəçarpacaq dərəcədə güclənib və bu, siyasi əlaqələrin möhkəmləndirilməsini tamamilə məntiqli və vaxtında atılan addıma çevirib.

- Bu səfər Baltikyanı ölkələrin Cənubi Qafqaza artan marağının əlaməti kimi qəbul edilə bilərmi?

- Əlbəttə. Bu gün Baltikyanı ölkələr Cənubi Qafqaza Avropa ilə uzunmüddətli əməkdaşlığın inkişafı üçün getdikcə daha vacib region kimi baxır. Azərbaycan artan iqtisadi potensialı, strateji coğrafi mövqeyi və proaktiv xarici siyasəti sayəsində bu kontekstdə müstəsna yerə malikdir.

Baltikyanı ölkələr üçün Azərbaycan ticarət, nəqliyyat, enerji və regional əlaqə məsələlərində perspektivli tərəfdaşdır. Bundan əlavə, Bakı Avropa ilə daha geniş Avrasiya regionu arasında dialoq üçün vacib bir mərkəz mövqeyini getdikcə daha çox təsdiqləyir.

- Sizin zənninizcə, Avropa İttifaqının Cənubi Qafqaza yönəlmiş siyasəti bu gün necə evolyusiya edir və Azərbaycan bu prosesdə hansı rolu oynaya bilər?

- Avropa İttifaqının Cənubi Qafqaza yanaşması tədricən proaktiv və praqmatik hala gəlir. Brüssel regionun enerji, nəqliyyat, ticarət və davamlı inkişaf baxımından strateji əhəmiyyətini getdikcə daha çox qəbul edir. Azərbaycan bu prosesdə əsas rol oynayır. Aİ Bakını enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının inkişafında, habelə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əlaqənin gücləndirilməsində mühüm tərəfdaş kimi görür.

Azərbaycanın müxtəlif beynəlxalq tərəfdaşlarla konstruktiv münasibətlər quraraq balanslı və çoxvektorlu xarici siyasət yürütməsi xüsusilə vacibdir. Bu yanaşma ölkəni daha geniş regionda sabitlik və əməkdaşlıq üçün mühüm aktora çevirir. Avropa İttifaqı, həmçinin Cənubi Qafqazın uzunmüddətli inkişafını, o cümlədən infrastruktur layihələrini, nəqliyyat təşəbbüslərini və genişlənmiş iqtisadi əməkdaşlığı dəstəkləməkdə maraqlıdır. Bu baxımdan, Azərbaycanın rolu artmaqda davam edir.

– Son illərdə Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa üçün mühüm tərəfdaşa çevrilib. Bu amil Bakı ilə Avropa paytaxtları arasında siyasi dialoqa nə dərəcədə təsir göstərir?

– Enerji əməkdaşlığı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin əsas sütunlarından birinə çevrilib. Bu gün Azərbaycan bir sıra Avropa ölkələrinə qaz tədarük edir. Eyni zamanda, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır.

Azərbaycan Avropa dövlətlərinin enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfə verə bilən etibarlı və perspektivli tərəfdaşdır. Avropa ilə əməkdaşlıq isə Bakıya iqtisadi artım, texnoloji əməkdaşlıq və ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır. Enerji dialoqu, həmçinin Azərbaycan ilə Avropa paytaxtları arasında siyasi əlaqələrin genişləndirilməsinə kömək edir, iqtisadiyyat, nəqliyyat və regional inkişaf sahələrində daha geniş əməkdaşlıq üçün zəmin yaradır.

–İqtisadiyyat və enerji ilə yanaşı Latviya ilə Azərbaycan arasında hansı əməkdaşlıq sahələri ən böyük potensiala malikdir?

– İkitərəfli əməkdaşlığın bir çox perspektivli sahəsi var. Kənd təsərrüfatı, innovasiya, təhsil və texnologiya sahələrində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir.

Səfər zamanı tərəflər kənd təsərrüfatı sektoru da daxil olmaqla müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər imzaladılar. Latviya kənd təsərrüfatı, aqrar təhsil, dronların və innovativ həllərin istifadəsi də daxil olmaqla müasir texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsində maraqlıdır. Logistika, rəqəmsallaşma və mütəxəssis hazırlığı sahələrində əməkdaşlıq da böyük potensiala malikdir ki, bu da ikitərəfli əlaqələri daha da gücləndirə bilər.

– Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin inkişafı Avropa üçün nə dərəcədə vacibdir?

– Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizlərinin inkişafı bu gün Avropa üçün çox vacibdir. Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu beynəlxalq ticarət və logistika üçün əsas istiqamətə çevrilir. Azərbaycan özünəməxsus coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna geniş investisiyalar səbəbindən bu marşrutun inkişafında mərkəzi rol oynayır.

Bakı-Tbilisi-Qars dəmir yolu, habelə ölkənin müasir dənizçilik və logistika imkanları bütün marşrutun potensialını əhəmiyyətli dərəcədə artırır. Avropa İttifaqı da nəqliyyat əlaqələrinin inkişafına böyük maraq göstərir, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş infrastruktur təşəbbüslərini dəstəkləyir. Bu kontekstdə Azərbaycan Avrasiyada əsas nəqliyyat və logistika habı rolunu getdikcə daha da gücləndirir.

Müəllif - Tamilla Məmmədova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
azertag.az

2Mənbələr