AZ

YAP Səbail rayon təşkilatı Zərifə Əliyevanın 103 illiyi ilə bağlı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələri anılıb, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra akademik Zərifə Əliyevanın zəngin və şərəfli həyat yolundan, onun oftalmologiya elminə verdiyi mühüm töhfələrdən və ictimai fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib, onun zəngin və mənalı ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıb. O qeyd edib ki, Zərifə Əliyeva ömür-gün yoldaşı olan Ulu Öndərin həyat və fəaliyyətində etibarlı dayaq olub.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək bildirib ki, akademik Zərifə Əliyeva Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə birləşdirən parlaq şəxsiyyətdir və bu gün də ölkə xanımları üçün nümunə olaraq qalır.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov Zərifə Əliyevanın incə, nəzakətli və dahi şəxsiyyət olduğunu deyib. Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın dahi şəxsiyyət olaraq bir-birlərini tamamladıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, onun xatirəsi daim ehtiramla anılır.  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib. əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Qeyd edib ki, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb.

Görkəmli professor, şair Paşa Qəlbinur böyük alim və ictimai xadim, nəcib insani keyfiyyətlərə malik görkəmli şəxsiyyət Zərifə Əliyeva haqqında xatirələrini bölüşüb, onun elmi-praktik irsindən söz açaraq apardığı tədqiqatların önəmini qeyd edib.

Sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda bədii hissə təqdim olunub.

Seçilən
71
6
unikal.az

10Mənbələr