BAKI, 29 aprel. TELEQRAF
29 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib.
Görüş zamanı, Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.
Tərəflər ötən il Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Uruqvaya səfərinin ticarət və iqtisadi əlaqələrin inkişafına müsbət töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların davamlılığının əhəmiyyətini qeyd ediblər.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib.