Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Cinayət Məcəlləsində nəzərdə tutulan hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı cəzalara yenidən baxılacaq. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib. Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Yeni qərara görə isə, Cinayət Məcəlləsinin yuxarıdakı maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ildən-ilə fərarilik onsuz da azalır:“Hər bir Azərbaycan gənci Vətən qarşısında olan borcunu ödəməyə, onu yerinə yetirməyə hazırdır və biz bunun şahidiyik. Konstitusiya Məhkəməsinin həmin məsələyə aydınlıq gətirməsinə müəyyən qədər ehtiyac var. İş orasındadır ki, çağırış üzrə qeydiyyata alınmaqdan imtina edilməsi, yaxud qeydiyyata alındıqdan sonra vaxtında xidmətə gəlməmək, yoxsa əks-təbliğat aparmaq kimi halların hər birinə ayrıca aydınlıq gətirilməlidir. Çünki bu məsələlər dəqiqləşdirilmədikdə, kimlərsə sabah hərbi xidmətə getməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını öz hüquqlarının pozulması kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin vəzifəsi isə hər hansı qanunun və ya müddəanın əsas qanuna Konstitusiyaya uyğun olub-olmadığını müəyyənləşdirməkdir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.