Növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib. I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələr 2 (iki) dəfə olmaqla cari ilin avqust və növbəti ilin yanvar aylarında keçiriləcək.
Müsahibələrin keçirilməsi ilə bağlı Nazirlik və ya yerli bölmələrin rəsmi internet saytında və mediada müsahibələrin başlamasına azı 1 (bir) ay qalmış elan veriləcək. Müsahibə ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçiriləcək.
Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz ehtiyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma bacarığı, yazı bacarığı yoxlanılacaq. Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
Burada söhbət 1-ni sinif istisna, digər siniflərin ildə iki dəfə imtahan verməsindən gedir. Bu dəyişikliyə səbəb nədir?

Azərbaycan Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycan təhsil sistemində, xüsusilə də rus bölməsinə qəbul prosesində şəffaflığın və keyfiyyətin artırılmasına yönəlmiş ciddi addım kimi bu qərarı dəyərləndirə bilərik: “Ümumiyyətlə, Elm və Təhsil Nazirliyinin bu qərarını bir neçə vacib istiqamət üzrə qiymətləndirmək mümkündür. İlk növbədə, dil baryerinin yoxlanılmasında yeni yanaşma kimi qiymətləndirilməlidir. Əvvəllər rus bölməsinə qəbul əsasən birinci sinif səviyyəsində ciddi tənzimlənirdisə, indi ikinci və on birinci siniflər üzrə konkret mexanizmin müəyyən edilməsi o deməkdir ki, artıq şagirdə sadəcə məktəbə qəbul prosesi kimi deyil, daha peşəkar və keyfiyyətli təhsil naminə yanaşma tətbiq olunur.
Şagird ilk növbədə təhsil alacağı dil mühitinə tam hazır olmalıdır və bu, dərslərin keyfiyyətinin aşağı düşməməsi üçün atılan zəruri addımlardan biridir.
Digər tərəfdən, bu, bütövlükdə imtahanın strukturu və obyektivlik baxımından da yüksək qiymətləndirilməlidir. Ümumiyyətlə, rus bölməsinə qəbul prosesində müsahibə mərhələsinin videoçəkilişlə aparılması və ən azı 20 dəqiqə davam etməsi prosesin obyektivliyini təmin etməyə hədəflənib.
Eyni zamanda, kifayət qədər müraciətlər olur. Valideynlər iddia edirlər ki, övladlarına qarşı haqsızlıq olunub və sair. Hesab edirəm ki, bu addım həmin şübhələri aradan qaldıracaq. Çünki mən Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunduğum dövrlərdə də belə müraciətlər olurdu. Araşdırmalar zamanı videoçəkiliş bunun ən gözəl sübutu idi. Görünürdü ki, əslində valideyn haqlıdır, yoxsa haqsızdır.
Təbii ki, videoçəkiliş olduğu zaman subyektiv yanaşmadan söhbət gedə bilməz. Dinləyib-anlama, həmçinin yazı bacarıqlarının eyni vaxtda yoxlanılması şagirdin dili sadəcə məişət səviyyəsində deyil, akademik səviyyədə qavramasını tələb edir. Bu qiymətləndirmə meyarı kimi düzgün müəyyənləşdirilib”.
İlqar Orucova görə, ikinci və on birinci siniflərə iki dəfə şans verilməsi dəyişikliyin çox önəmli hissələrindən biridir: “Şagirdlərə ildə iki dəfə — avqust və yanvar aylarında imtahan vermək imkanı yaradılır ki, bu da çox vacib məqamlardandır.
Avqust imtahanı tədris ili başlamazdan əvvəl bölməni dəyişmək istəyənlər üçün imkan yaradır. Yanvar imtahanı isə yarımil ərzində biliklərini təkmilləşdirən və ya bölməsini dəyişmək istəyən şagirdlər üçün yeni fürsətdir. Bu, tədris prosesinin ortasında plansız keçidlərin qarşısını almağa və məktəblərdə şagird sıxlığını daha sistemli idarə etməyə imkan verəcək”.
Mütəxəssis qeyd edir ki, burada valideynlərin də diqqət yetirməli olduğu məqamlar var: “İmtahanla bağlı elanlar bir ay əvvəl verilir və valideynlər Nazirliyin, eləcə də regional təhsil İiarələrinin məlumatlarını mütləq şəkildə izləməlidirlər. Burada 12 bal minimum həddir. Şagird təkcə həmin dildə danışmamalı, həm də rus dilində fikrini ifadə etmək və yazmaq qabiliyyətini inkişaf etdirməlidir. Hesab edirəm ki, bu da valideynlərin diqqət yetirməli olduğu əsas məqamlardan biridir. Videoçəkiliş və 20 dəqiqəlik müsahibə uşaq üçün müəyyən stress yarada bilər. Bu baxımdan valideynlər uşaqları əvvəlcədən bu mühitə hazırlamalıdırlar.
Eyni zamanda, bu dəyişiklik rus bölməsinə süni axını tənzimləmək və həqiqətən həmin dildə oxumaq potensialı olan uşaqları seçmək məqsədi daşıyır. Hesab edirəm ki, bu, həm müəllimlərin işini asanlaşdıracaq, həm də dil baryeri olan şagirdlərin digər fənlərdən geri qalmasının qarşısını alacaq. Xeyli sayda valideyn var ki, evdə danışıq dili rus dili deyil, amma nədənsə övladlarının məhz bu dildə təhsil almasını istəyirlər. Bununla bağlı isə əksər hallarda əsaslandırılmış arqumentlər olmur.
Hesab edirəm ki, şagird oxuyacağı dili anlamadığı üçün, təbii ki, digər fənləri də mənimsəyə bilmir. Bu isə onun geri qalmasına, həm də sinfin ümumi tədris səviyyəsinin aşağı düşməsinə səbəb olur. Fikrimcə, bu imtahan rus dilində təhsil almaq istəyən və buna həqiqətən hazır olan şagirdləri seçmək üçün çox yaxşı filtr rolunu oynayacaq. Eyni zamanda, son illərdə dövlət məktəblərinin rus bölmələrində kifayət qədər şagird sıxlığı müşahidə olunur. Qeyd etdiyim kimi, valideynlər “rus bölməsi prestijlidir” düşüncəsi ilə övladlarını bu bölməyə yönləndirirlər. Hətta uşaqların həmin dildə danışmaq və fikrini ifadə etmək bacarığı olmadığı halda belə, valideynlər israr edirlər ki, övladları məhz rus bölməsində oxusun. Halbuki, bu, yanlış yanaşmadır. Bu dəyişiklik və imtahanların tətbiqi həmin süni axının qarşısını alacaq və yalnız həqiqətən həmin dildə təhsil ala biləcək şagirdlərin rus bölməsində yer almasını təmin edəcək”.
Musavat.com