AZ

ADNA-da törədilən terror aktından 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) baş vermiş dəhşətli terror aktından 17 il keçir.

Moderator.az xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov universitetin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci tədris binasına silahla daxil olaraq ard-arda atəş açıb. O, binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açaraq, 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Qədirov daha sonra intihar edib.

Hadisə ölkədə və cəmiyyətdə böyük sarsıntıya səbəb olub, bu gün də həmin günün ağrısı və xatirəsi unudulmur.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək İnterpola verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Taleh Tariyel oğlu Məmmədov, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Ayna Abbasqulu qızı Qurbanova, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Tamilla Zülfüqar qızı Əzizova, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

4. Yusif Telman oğlu Bəndəliyev, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Ramiz Xəlil oğlu Abdullayev, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Məcnun Abdulvahid oğlu Vahidov, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Ceyhun Sakit oğlu Aslanov, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Emin İmaməli oğlu Abdullayev, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Ruslan Cəfər oğlu Babaşov, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Ayaz Cavanşir oğlu Bağırov, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Şəfa Afət qızı Məmmədova, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Savalan Allahverdi oğlu Cabbarov, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!

Seçilən
77
6
moderator.az

8Mənbələr