Yeni araşdırmaya görə, 50 yaşdan aşağı insanlarda xərçəng hallarının artmasının əsas səbəblərindən biri piylənmədir.
Day.Az xəbər verir ki, The Independentin yazdığına görə, artıq çəki xüsusilə bağırsaq xərçəngi də daxil olmaqla bir sıra onkoloji xəstəliklərin riskini artırır və bu göstərici illərdir yüksəlməkdə davam edir.
Tədqiqatçılar bildirirlər ki, gənclər arasında ən çox rast gəlinən xərçəng növləri süd vəzi xərçəngi, bağırsaq xərçəngi və dəri xərçəngidir. Araşdırmalar göstərir ki, bu xəstəliklərin bir hissəsi artıq çəki, az hərəkətlilik, alkoqol və siqaret kimi həyat tərzi faktorları ilə əlaqəlidir.
Alimlər qeyd edirlər ki, xərçəng hallarının artımı yalnız piylənmə ilə izah olunmur, digər amillər də rol oynaya bilər. Bununla belə, mütəxəssislər sağlam qidalanmanın təşviqi, zərərli qida reklamlarının məhdudlaşdırılması və artıq çəki ilə mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayırlar.