Bizimyol saytına istinadən ain.az xəbər verir.
Psixoloq Aytən Ələkbərova: “Valideyn övladının sosial media istifadəsinə yüngül nəzarət etməyə başlasa bunu rahatlıqla görəcək”Uşaqların bullinqə, eləcə də, sosial şəbəkələrdə kiberbullinqə məruz qalması onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Onlar həm fiziki zorakılıqla, eyni zamanda əşyalarının və ya yeməklərinin əlindən alınması kimi hallarla qarşılaşa bilirlər. Belə vəziyyətlərdə uşaqlara özlərini düzgün müdafiə etməyi və kömək istəməyi necə öyrətmək daha doğru olar? Uşaqlar özlərini necə müdafiə etməlidir?
Bu barədə Bizimyol.info xəbər portalına psixoloq Aytən Ələkbərova bildirib. O deyib ki, ilk olaraq uşağa mütləq başa salınmalıdır ki, belə xoşagəlməz halları gizlətməsin, danışsın: “Ümumiyyətlə son dövrlər daha çox məktəblilər arasında bu cür fiziki zorakılıqlar, kiberbulinqlər, eyni zamanda əşyalarının və yeməklərinin əlindən alınması kimi qarşılaşmalar daha çox olur. Bu cür hallarda bəzən rast gəlinir ki, bəzi şəxslər uşağın xəbəri olmadan onun şəkillərindən istifadə edərək saxta profillər yaradırlar. Bu da uşağı başqalarının yanında alçaltmağa qədər gətirib çıxarır.
Valideynlər və müəllimlər bu vəziyyətdə nə etməlidir?
Uşağın davranışında dəyişikliklərə diqqət edilməlidir. Qorxusu, susqunluğu, aqressiyası varsa, artıq bu günə qədər belə olmayan uşaqda nədən birdən- birə bu cür hallar baş verdi deyə düşünülməlidir. İlk olaraq uşağa mütləq başa salınmalıdır ki, belə xoşagəlməz halları gizlətməsin, danışsın. Çünki valideyn övladının sosial media istifadəsinə yüngül nəzarət etməyə başlasa bunu rahatlıqla görəcək. Zorakılıqla qarşılaşan uşaqlara ilk növbədə öyrədilməlidir ki, belə hallarda susmaq yox, reaksiya vermək vacibdir. Qarşı tərəfi bloklamaq, şikayət etmək, lazım gəldikdə məktəb psixoloquna və ya digər mütəxəssislərə müraciət etmək mütləqdir. Əsas məqsəd odur ki, uşağın şəxsiyyəti alçaldılmadan, özünü intihara tam sövq etməmiş vaxtında müdaxilə olunsun. Valideynlər də övladları ilə daim ünsiyyətdə olmalı, onlara istənilən halda yanlarında olduqlarını hiss etdirməlidirlər”.
Aytən Ələkbərova həmçinin deyib: “Təəssüf ki, bəzən bu kimi hallara biganə yanaşılır və nəticədə çox ağır fəsadlar baş verə bilir. Halbuki uşağa aydın şəkildə demək lazımdır ki, “səhvin olsa belə, mən sənin yanındayam və hər şeyi mənimlə bölüşə bilərsən”. Uşaqlar da problemi gizlətməməli, valideynlərinə və ya müəllimlərinə bildirməlidirlər. Vaxtında müdaxilə olunduqda bu cür vəziyyətlərin qarşısını almaq və müsbət nəticə əldə etmək mümkündür.
Cəmiyyətdə də həssaslıq olmalıdır. Küçədə uşaqlar arasında fiziki zorakılıq görən insanlar biganə qalmamalı, vəziyyətə uyğun şəkildə müdaxilə edərək onları sakitləşdirə və hətta barışdırmağa kömək edə bilərlər”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.