AZ

İranı boğmaq planı: Trampın strategiyası nə qədər realdır?

 

ABŞ-ın İranla bağlı yeni strategiyası ciddi suallar doğurur.

Musavat.com xəbər verir ki, CNN-də jurnalist Stiven Kollinson tərəfindən dərc olunan analitik yazıda ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının perspektivləri və riskləri təhlil olunur .

Məqalədə qeyd olunur ki, Trampın strategiyası sadə məntiqə əsaslanır: İranın neft ixracını və ölkənin gündəlik həyatını təmin edən idxalı boğmaqla iqtisadi çöküş yaratmaq və bunun nəticəsində rejimi nüvə proqramından imtina etməyə məcbur etmək.

Tramp özü bu planı açıq şəkildə müdafiə edərək bildirib: “Blokada dahiyanədir... onların iqtisadiyyatı faktiki olaraq ölüdür”.
CNN-in məlumatına görə, prezident bu siyasətin uzun müddət davam etdirilməsinə də hazırdır.

Analizdə vurğulanır ki, bu yanaşma ABŞ üçün daha az riskli görünür, çünki quru əməliyyatları və ya genişmiqyaslı bombardmanlardan fərqli olaraq, insan itkilərindən qaçmağa imkan verir. Eyni zamanda bu, İranın Hörmüz boğazını bağlaması ilə yaranan qlobal enerji böhranı fonunda Vaşinqtonun iqtisadi təzyiq alətlərini bərpa etməyə yönəlib.

Lakin yazıda Trampın planı qarşısında iki əsas sual qoyulur. Birincisi, ABŞ daxilində bu siyasətin iqtisadi nəticələrinə nə qədər dözülə biləcəyidir. Benzin qiymətlərinin artması, inflyasiya və iş yerlərinin azalması artıq narazılıq yaradır.

İkinci sual isə strategiyanın reallıqla nə dərəcədə uyğun olmasıdır. Yazıda qeyd olunur ki, Vaşinqton tez-tez Yaxın Şərq ölkələrinə öz məntiqi ilə yanaşır, halbuki bu cəmiyyətlər fərqli şəkildə reaksiya verir.

İranın vəziyyətinə gəldikdə isə, iqtisadi böhranın dərinləşdiyi bildirilir. Enerji naziri Mohsen Paknejad enerji istehlakının azaldılmasına çağırış edib, dövlət qurumlarına isə elektrik istifadəsini kəskin azaltmaq tapşırılıb.

Ekspertlərdən Alex Vatanka hesab edir ki, blokada ciddi iqtisadi təzyiq yarada və bu, kütləvi narazılığa səbəb ola bilər. Lakin o, bunun aylarla çəkə biləcəyini və nəticənin qeyri-müəyyən olduğunu vurğulayır.

Digər ekspert Trita Parsi isə ABŞ-ın illərdir eyni səhvi təkrarladığını bildirir: “Vaşinqton daim elə bir təzyiq nöqtəsi axtarır ki, İranı məğlub etsin. Amma demək olar ki, hər dəfə nəticə məyusluq olur”.

Yazıda xatırladılır ki, İran onilliklərdir sanksiyalar altında yaşayıb, 1980-ci illərdə uzunmüddətli müharibədən keçib və daxili etirazları sərt şəkildə yatırmaq təcrübəsinə malikdir. Hətta ali lider Əli Xameneyinin öldürülməsi və intensiv bombardman belə ölkənin mövqeyini dəyişməyib.

Müəllifin qənaətinə görə, Trampın blokada strategiyası ya ABŞ-ın İranla uzunmüddətli qarşıdurmasını bitirə bilər. Ya da əksinə, yenidən İran rejiminin ağır təzyiqlərə baxmayaraq davam gətirməyi bacardığını sübut edə bilər.

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr