AZ

“Soyuq sinif” problemi: istilik mövsümü uzadıla bilərmi? - AÇIQLAMA

Aprel ayında ölkə ərazisində havaların kifayət qədər soyuq keçməsi məktəblərdə davamiyyət problemi yaradıb. Valideynlərin sözlərinə görə, bəzi məktəblərdə siniflər o qədər soyuqdur ki, uşaqların dərsdə oturması çətinləşir. Bu səbəbdən bir çox valideyn övladını məktəbə göndərməkdən imtina edir. Onlar bildirir ki, uşaqların sağlamlığı hər şeydən önəmlidir və soyuq siniflərdə uzun müddət qalmaq müxtəlif xəstəliklərə yol aça bilər.

 

Məlumdur ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən,  dövlət tərəfindən təmin olunan istilik təchizatı aprelin 15-də yekunlaşıb.

 

Ötən illərdə havanın soyuq keçməsi ilə əlaqədar istilik mövsümünün uzadılması halları olub.

 

“Azəristiliktəchizat” ASC İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Basqallı Pravda.az-a bildirib ki, hazırda belə bir addımın atılması gündəmdə deyil: “Ötən il hava çox soyuq keçdiyi üçün istiliyin verilməsi bir neçə gün uzadılmışdı. Bu il hava o qədər soyuq olmadığı üçün buna ehtiyac yaranmayıb”.

Elvin

Qurum rəsmisi onu da vurğulayıb ki, istiliyin yenidən verilməsi məktəblərdən hər hansı birinin müraciəti əsasında həyata keçən məsələ deyil: “Fərdi müraciətlər olsa belə, sistemin yenidən işə salınması nəzərdə tutulmur”.

 

Təhsil ekspertləri isə hesab edir ki, belə hallarda çevik qərarlar qəbul edilməlidir. Onların fikrincə, hava şəraitinin qeyri-sabit keçdiyi dövrlərdə istilik mövsümünün konkret tarixlərlə məhdudlaşdırılması düzgün deyil.

 

Alternativ həll yolları – məsələn, əlavə qızdırıcı vasitələrin istifadəsi və ya dərs saatlarının müvəqqəti dəyişdirilməsi kimi addımlar da nəzərdən keçirilə bilər.

 

Yəni gözləntilər ondan ibarətdir ki, aidiyyəti qurumlar hava şəraitini nəzərə alaraq mövcud qaydalara yenidən baxsın və nisbətən soyuq havalarda şagirdlərin rahat təhsil mühiti ilə təmin olunması üçün əlavə tədbirlər görülsün.

 

Qeyd edək ki, respublikanın dağ və dağlıq ərazilərində yerləşən yaşayış binalarının və sosial obyektlərin istilik təchizatı mövsümü noyabrın 1-dən başlayır və mayın 1-də başa çatır.

 

Aygün İbrahimli

Tarix: 30 Aprel 2026, 12:32   
Seçilən
40
pravda.az

1Mənbələr