AZ

Müharibə kölgəsində qurulan tərəfdaşlıq: Bakı-Kiyev əlaqələri yeni mərhələdə

 Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və burada verdiyi bəyanatlar  beynəlxalq miqyasda resonanasa səbəb oldu.

Zelenskinin sfəri və onun geosiyasi əhəmiyyətini Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə ilə  Ölkə.az-a müsahibəsində  dəyədləndirməyə çalışdıq. 

–  Əlibala müəllim  Zelenskinin Azərbaycana səfəri Bakı–Kiyev münasibətləri baxımından nə ilə yadda qaldı?

– Bu səfər sırf diplomatik protokol çərçivəsini aşaraq iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlərdə siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu oldu. Mövcud geosiyasi şəraitdə Bakı və Kiyevin qarşılıqlı dəstəyi bu münasibətlərin beynəlxalq əhəmiyyətini daha da artırır.

– Azərbaycan–Ukrayna münasibətlərinin əsas dayaqları hansılardır?

– Münasibətlər möhkəm tarixi və hüquqi baza üzərində qurulub. 2008-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə bu gün də əsas istiqamətverici sənəddir. Hər iki ölkə BMT, ATƏT, GUAM kimi platformalarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı, humanitar əməkdaşlıq – xüsusilə ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası – münasibətlərin mühüm istiqamətidir.

– İqtisadi əməkdaşlıq və ticarət dövriyyəsinin hazırkı vəziyyəti necədir?

– Müharibənin təsirlərinə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika qorunur. Məsələn, son illərdə ticarət dövriyyəsi artaraq təxminən 510 milyon dollara çatıb və son iki ildə ümumilikdə 31 faiz artım qeydə alınıb. 2026-cı ilin ilk rübündə isə ticarət əməliyyatlarının həcmi 114,7 milyon dollar təşkil edib, bunun 45,7 milyon dolları Azərbaycanın ixracının payına düşür.
Bununla yanaşı, 2021-ci ildə 922 milyon dollar olan ticarət dövriyyəsinin müharibə səbəbindən azaldığı, lakin 2023-cü ildən etibarən yenidən artım trendinə keçdiyi müşahidə olunur. Bu da onu göstərir ki, potensial kifayət qədər yüksək olaraq qalır.

– Enerji və logistika sahəsində əməkdaşlıq hansı perspektivlər vəd edir?

– Enerji sektoru əsas prioritetlərdəndir. SOCAR-ın Ukraynadakı fəaliyyəti bu əməkdaşlığın davamlılığını təmin edir. Eyni zamanda, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz çərçivəsində Ukraynanın fəal iştirak niyyəti regionda yeni iqtisadi imkanlar yaradır. Bu marşrut Çin və Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən strateji xətt kimi önə çıxır.

– Hərbi-texniki əməkdaşlıq və Azərbaycanın mövqeyi necə qiymətləndirilir?

– Bu əməkdaşlıq əsasən müdafiə xarakteri daşıyır və xüsusilə pilotsuz uçuş aparatlarına qarşı texnologiyaların inkişafına yönəlib. Ukraynanın müharibə təcrübəsi burada əhəmiyyətlidir. Lakin Azərbaycan prinsipial mövqeyini qoruyaraq hərbi əməliyyatlarda iştirak etmir. Rəsmi Bakı daha çox humanitar yardım, mina təmizləmə və post-münaqişə bərpası sahəsində öz təcrübəsini bölüşməklə çıxış edir. Bu isə Azərbaycanın balanslı və praqmatik siyasət yürüdən aktor kimi rolunu daha da möhkəmləndirir.

-Kiyevlə Bakı arasındakı humanitar sahədəki əlaqələri necə dəyərləndirisiniz?

-Azərbaycan ilə Ukrayna münasibətlərinin ən diqqətçəkən tərəflərindən biri humanitar əməkdaşlığın davamlı və səmimi xarakter daşımasıdır. Rəsmi Bakı müharibənin ağır nəticələrini yaşayan Ukrayna xalqına dəstəyini yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla nümayiş etdirir.
Azərbaycan dövləti tərəfindən Ukraynaya mütəmadi olaraq humanitar yardımlar göndərilir, enerji infrastrukturu zədələnmiş bölgələrə texniki avadanlıqlar təqdim olunur. Xüsusilə müharibədən zərər çəkmiş uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması bu siyasətin ən həssas və insani tərəfidir.

Bu yanaşmanın arxasında isə Azərbaycanın öz tarixi təcrübəsi dayanır. İşğal və müharibənin acı nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan dinc əhalinin, xüsusilə uşaqların psixoloji və sosial reabilitasiyasının nə qədər vacib olduğunu yaxşı anlayır. Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması bu siyasətin ən bariz nümunələrindən biridir. Müharibələrin ən ağır psixoloji yükünü uşaqların daşıdığı nəzərə alınaraq onların sosial və psixoloji reabilitasiyasına xüsusi diqqət yetirilir. 

Humanitar dəstək Bakı–Kiyev münasibətlərində sadəcə yardım mexanizmi deyil, eyni zamanda xalqlar arasında etimadı və dostluğu möhkəmləndirən mühüm körpü rolunu oynayır. 

Mürtəza

Seçilən
44
1
olke.az

2Mənbələr