ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Xaçmaz rayonunda eyni dəmir yolu keçidində bir gün ərzində iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisələr aprelin 29-da, dəmir yolunun Xaçmaz–Çarxı sahəsində yerləşən qorunmayan keçiddə baş verib. İlk qəza səhər saat 09:00 radələrində qeydə alınıb. Xaçmaz şəhər sakini Taleh İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil keçiddə hərəkətdə olan yük qatarı ilə toqquşub.
Bundan təxminən üç saat sonra – saat 12:00 radələrində eyni ərazidə növbəti oxşar hadisə baş verib. Bu dəfə Xanlıqoba kənd sakini Taryel Kazımovun idarə etdiyi, yenə “Toyota” markalı avtomobil yük qatarı ilə toqquşub.
Hər iki qəza nəticəsində sürücülər xəsarət alıb. Bundan əlavə, nəqliyyat vasitələrinə və dəmir yolu təsərrüfatına ciddi maddi ziyan dəyib.
Aparılan araşdırmalar göstərib ki, hadisələrin baş verməsinə əsas səbəb sürücülərin diqqətsizliyi və məsuliyyətsiz davranışıdır. Belə ki, sürücülər yaxınlaşan qatarı görmələrinə baxmayaraq, keçidin təhlükəsizlik qaydalarına əməl etmədən hərəkət ediblər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xatırladıb ki, dəmiryol keçidlərinə yaxınlaşarkən yol nişanları, svetofor siqnalları, nişanlama xətləri, şlaqbaum və növbətçinin göstərişləri mütləq nəzərə alınmalıdır. Yalnız qatarın yaxınlaşmadığına tam əmin olduqdan sonra keçiddən istifadə edilməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.