AZ

Vətəndaşın kredit yükü artır: Cərimə və faizlər necə tənzimlənməlidir? Deputatdan açıqlama

ain.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycanda son dövrlər kredit ödənişlərinin gecikdirilməsi hallarında artım müşahidə olunur və bu tendensiya borcalanlar üçün əlavə maliyyə riskləri yaradır. Xüsusilə gecikmələrə görə tətbiq edilən cərimə faizlərinin bəzi hallarda əsas borca yaxınlaşması və ya onu üstələməsi, mövcud tənzimləmə mexanizmlərinin effektivliyi ilə bağlı suallar doğurur.

Halbuki qüvvədə olan qanunvericilik cərimə faizlərinin həm məbləğini, həm də tətbiq müddətini müəyyən çərçivədə məhdudlaşdırır. Bu baxımdan, kredit münasibətlərində şəffaflığın təmin olunması, borcalan hüquqlarının qorunması və maliyyə institutlarının məsuliyyətinin balanslı şəkildə tənzimlənməsi məsələsi aktuallığını daha da artırır. 

Maraqlıdır, belə olan halda, borcalanların hüquqlarının daha effektiv qorunması, cərimə mexanizmlərinin şəffaflığının artırılması və bankların məsuliyyətinin gücləndirilməsi istiqamətində hansı konkret addımlar atılmalıdır? 

Məsələ ilə bağlı Moderator.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, kreditlərdə yubanmalar baş verdiyi zaman, təbii ki, cərimə məbləğlərinin və faizlərin hesablanması məsələsində sistemin təkmilləşdirilməsinə ehtiyac var:

"Çünki xüsusilə plastik kartlar üzərindən açılan kreditlərə görə kifayət qədər yüksək cərimələr hesablanır. Yəni vətəndaşa kredit xətti açılır, müəyyən müddət verilir. Amma həmin müddət ərzində vəsaitin qaytarılmasında çətinlik yaranarsa, yubanmalar olarsa, praktik olaraq növbəti gündən etibarən yüksək cərimələr tətbiq olunur. Bu da nəticədə onu gətirib çıxarır ki, vətəndaş bir sıra hallarda kifayət qədər böyük məbləğdə faiz və cərimə ödəmək məcburiyyətində qalır. Bunun tənzimlənməsi çox vacibdir:

Yəni bir tərəfdən cərimə və faiz məbləğlərinin müəyyən həddə məhdudlaşdırılmasına ehtiyac var. Digər vacib məqam isə odur ki, vətəndaşlarımız kredit götürərkən onun şərtlərinə diqqətlə yanaşmalı, yalnız uyğun şərtlərlə təklif olunan kreditlərdən və ya plastik kartlardan istifadə etməlidirlər. Çünki nəticə etibarilə bu, həm də vətəndaşın özünün qəbul etdiyi bir qərardır".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
moderator.az

2Mənbələr