ain.az, Moderator.az portalına istinadən məlumat verir.
Keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo və oğlunun iştirakı ilə yayılan qalmaqallı videolar Avropa institutlarındakı gizli planları ortaya çıxararaq yeni müzakirə dalğası yaradıb.
Vacib regionlarda "sərf etməyən" şəxsləri hakimiyyətdən kənarlaşdırmaq, müəyyən təzyiq rıçaqlarını işə salmaq üçün lobbiçiliyin işə salındığı açıq-aşkar görünür. Ermənistanın baş naziri Nikol Paşinyanın "devrilməsi", eləcə də Avropa Komissiyasına təzyiq göstərməklə Azərbaycanla bağlanmış sazişlərin ləğvinə nail olmaq cəhdləri, Aİ-nin keçmiş rəsmisi Jozep Borrel, AK-nın prezidenti Ursula fon der Lyayen kimi yüksəkçinli siyasətçilərin adlarının çəkildiyi video Avropa strukturlarının məxfi planları ilə birlikdə qurumun çürüklüyünü də ortaya qoyur.
Siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu mövzu ilə bağlı Oxu.az-a danışıb.

"Luis Moreno Okamponun səsləndirdiyi fikirlər Avropa siyasətinin və orada fəaliyyət göstərən lobbiçilik şəbəkələrinin daxili mahiyyətinin ifşası kimi qiymətləndirilməlidir. Bu, Avropada müəyyən lobbi qruplarının necə sistemli şəkildə fəaliyyət göstərdiyini və bəzi hallarda siyasi proseslərə birbaşa müdaxilə etdiyini açıq şəkildə ortaya qoyur.
Avropadakı bəzi siyasətçiləri və Avropa Parlamentinin ayrı-ayrı üzvlərini öz təsir alətinə çevirərək elə bir həddə çatırlar ki, artıq başqa bir ölkənin baş nazirinin hakimiyyətdə qalıb-qalmaması məsələsinə belə təsir göstərməyə cəhd edirlər. Bu, açıq şəkildə məsuliyyətsizlik və siyasi anarxiyanın göstəricisidir".
H.Babaoğlu vurğulayıb ki, bu proseslər erməni lobbisinin öz məqsədlərinə çatmaq üçün qeyri-hüquqi və qeyri-qanuni strukturlarla əməkdaşlıq etməyə hazır olduğunu da nümayiş etdirir:
"Bu isə artıq təkcə siyasi deyil, həm də hüquqi müstəvidə ciddi suallar doğuran məqamdır. Bu məqamlar Avropa Parlamentində son dövrlər üzə çıxan korrupsiya qalmaqalları fonunda proseslərin miqyasını və arxa planda gedən mexanizmlərin dərinliyini daha aydın göstərir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.