AZ

Okampo qalmaqalı: İnsan hüquqları diskursu və siyasi lobbiçilik...

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun Azərbaycana qarşı səsləndirdiyi ittihamlar ətrafında yeni iddialar gündəmə gəlib. Qarabağ ermənilərinin guya insan hüquqlarının pozulması ilə bağlı irəli sürülən tezislərin arxasında siyasi və maliyyə maraqlarının dayandığı bildirilir.

"Minval Politika" tərəfindən yayılan video görüntülərdə Okampo və onun yaxın çevrəsi ilə bağlı səsləndirilən fikirlər beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub. Həmin materiallarda iddia olunur ki, Okampo, onun oğlu Tomas Moreno Okampo və bəzi Avropa İttifaqı strukturlarına yaxın şəxslər erməni diaspor şəbəkələri ilə əlaqələrdən istifadə edərək lobbiçilik fəaliyyəti həyata keçirir və Avropa İttifaqının qərarvermə mexanizmlərinə təsir göstərməyə çalışırlar. 

Video materiallarda Okamponun Avropa İttifaqı daxilində hüquqi-siyasi mexanizmlər vasitəsilə müəyyən ölkələrə, o cümlədən Azərbaycana qarşı təzyiq imkanlarından istifadə oluna biləcəyinə dair fikirlər səsləndirdiyi iddia olunur. 

Eyni zamanda, Avropa İttifaqı və Azərbaycan münasibətlərində əməkdaşlıq sənədlərinə insan hüquqları mövzusu üzərindən təsir göstərilməsi cəhdlərinin müzakirə edildiyi bildirilir. 

Siyasi müşahidəçilərin fikrincə, bu kimi iddialar insan hüquqları barədə verilən bəyanatların bəzi hallarda geosiyasi təsir alətinə çevrilə biləcəyini göstərir. Bu isə beynəlxalq hüquq institutlarının neytrallığı və obyektivliyi barədə ciddi suallar doğurur. 

Azərbaycan tərəfi uzun müddətdir bəyan edir ki, Qarabağ münaqişəsindən sonrakı dövrdə bəzi xarici dairələr prosesi siyasi manipulyasiya predmetinə çevirməyə çalışır və insan hüquqları mövzusu selektiv və qərəzli yanaşmalarla təqdim olunur. 

Rəsmi Bakı hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallıq beynəlxalq hüquq çərçivəsində qəbul edilməli və ikili standartlara yol verilməməlidir. 

Ekspertlərin qənaətinə görə, əgər yayılan materiallar və iddialar təsdiqini tapsa, bu, beynəlxalq təşkilatlarda qərarvermə proseslərinə xarici təsir və lobbiçilik mexanizmlərinin rolunu daha da aktuallaşdıra bilər. Bu isə insan hüquqları diskursunun bəzi hallarda siyasi təzyiq vasitəsi kimi istifadə olunduğu barədə arqumentləri gücləndirir... 

Siyasət şöbəsi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
qaynarinfo.az

1Mənbələr