AZ

Anar Əliyev: 2018-ci ildən peşə hazırlığına 36 min qadın cəlb edilib

BAKI, 30 aprel. TELEQRAF

"Son statistik məlumatlara əsasən, məşğul əhalinin 48%-ni, muzdla işləyənlərin isə 41%-ni qadınlar təşkil edir".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.

O bildirib ki, qadınların yüksək gəlirli məşğulluq imkanlarının artırılması istiqamətində ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib.

“Qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qadınlar üçün əmək bazarında nəzərdə tutulmuş bir sıra məhdudiyyətlər aradan qaldırılıb, qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərinin siyahısı ləğv edilib və yalnız hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınlara dair məhdudlaşdırıcı şərtləri əks etdirən yeni siyahı təsdiq olunub. Eyni zamanda, 2016-cı ildən nazirlik tərəfindən icra edilən özünüməşğulluq proqramı dayanıqlı məşğulluğun təmin olunması, ailə gəlirlərinin artması və ümumilikdə sosial-iqtisadi inkişafın gücləndirilməsi baxımından mühüm rol oynayan təsirli vasitələrdən biridir. Ümumilikdə proqrama cəlb olunmuş 113 min nəfərdən 31%-ni (35 min) qadınlar təşkil edir və son illərdə özünüməşğulluq proqramına cəlb olunanların tərkibində qadınların payı daha da artmaqdadır. Təkcə 2026-cı ilin 3 ayı ərzində proqrama cəlb olunan 228 nəfərdən yarıdan çoxunu (115 nəfər) məhz qadınlar təşkil edib”, - o vurğulayıb.

Nazir əlavə edib ki, insan kapitalının inkişafına, rəqabət qabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edən əsas istiqamətlərdən biri də peşə hazırlığı proqramıdır:

“2018-ci ildən etibarən peşə hazırlığına cəlb edilmiş 59 mindən çox şəxsin 61%-ni (36 min nəfər) qadınlar təşkil edib”.

Seçilən
54
1
teleqraf.com

2Mənbələr