AZ

Avropa məmurlarının mənfi əməlləri davam edir – RƏY

Bakı, 30 aprel, Rabil Kətanov, AZƏRTAC

Avropa İttifaqında (Aİ) rüşvət və korrupsiya hallarının ardı-arası kəsilmədən davam edir. Qurum daxilində müxtəlif dövlətlərə lobbiçilik etmək, ikili standartlar siyasətindən çıxış edib bu və ya digər dövlətə təzyiq göstərmək üçün “insan hüquqları” məsələsindən sui-istifadə və bir çox başqa işlərdə korrupsiya halları hələ də müşahidə olunmaqdadır.

AZƏRTAC xəbər verir ki, “Transparency International” təşkilatının məlumatına görə, Aİ-də siyasi korrupsiya artmaqdadır və 2023-2025-ci illərdə ən yüksək səviyyəyə çatıb. “Qətərqeyt” qalmaqalı qurumun işindəki bir çox qanunsuzluqlardan xəbər verir. Avropa Parlamentinin vitse-spikeri Eva Kailin 2022-ci ildə Qətərin iş adamlarından külli miqdarda rüşvət alaraq futbol üzrə dünya çempionatının bu ölkədə keçirilməsinə lobbiçilik etmişdir. Belçika prokurorluua onun evində axtarış apararaq 35 milyon avro tapmışdır ki, bunun da mənbəyini E. Kaili izah edə bilməmişdir. Nəticədə həbs edilən vitse-spiker saxlanıldıqdan qısa müddət sonra azadlığa çıxdı.

Avropa Parlamentinin 2004-2007-ci illərdə sədri olmuş Jozep Borrel Mərakeşdən rüşvət alaraq rəhbərlik etdiyi qurumla bu dövlət arasında güzəştli müqavilələrin imzalanmasına nail olmuşdu. Avropa strukturlarında bu kimi neqativ halları çox göstərmək olar. “Transparency International” təşkilatının hesabatına görə, rüşvət və korrupsiya müxtəlif strukturlarda sistemli hal alıb və hüquq mühafizə orqanlarını da əhatə edir.

Bu günlərdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın müxtəlif tədbirlərdə çıxışları üzə çıxdı. Məlum oldu ki, Avropa qurumlarında siyasi korrupsiya prosesləri davam edir ki, bunun da hesabına müxtəlif yüksəksəviyyəli avropalı məmurlar varlanır. Söhbət erməni lobbisinin maliyyəsi hesabına göstərilən fəaliyyətdən gedir. Keçmiş prokuror bildirir ki, erməni lobbisinin əsas məqsədi Ermənistanda baş nazir Nikol Paşinyanı devirməkdən ibarətdir. Prokuror Avropa strukturlarının Ermənistanda əhalinin kütləvi etirazlara səsləməklə yanaşı, Avropa Parlamentindəki adamları vasitəsilə Ermənistana siyasi təzyiqlər etmək üçün işlərin aparıldığını bildirir və diqqətə çatdırır ki, onun Avropa qurumlarında J. Borrel kimi adamı var. J. Borrelin 2022-ci ildə Mərakeş və Qətərdən rüşvət aldıqdan sonra barəsində qaldırılan cinayət işinin məntiqi nəticəyə hasil olmamasının səbəbi indi aydın olur. Həmin dövrdə J. Borrelə “aradan çıxmağa” kömək edən prokuror Luis Okampo bu gün onu öz çirkin məqsədlərində istifadə edir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistan N. Paşinyanın rəhbərliyi ilə müstəqil siyasət yürütməyə başlayıb və həqiqəti söyləyərək Qarabağın Ermənistana məxsus olmadığını, bu məsələnin erməniləri inkişafdan saxladığını bildirir. Xaricdəki erməni lobbisi isə bununla razılaşmır və müxtəlif xarici qüvvələrin təhriki ilə Ermənistanın daxili işlərinə qarışır. Onların məqsədi heç də ermənilərin yaxşı yaşayışını təmin etmək, Ermənistanın isə normal dövlət kimi təşəkkül tapması deyil, regionda münaqişə yaradıb korporativ maraqlara xidmət göstərməkdir. Buna görə də onlar N. Paşinyanı devirib yerinə “kukla” rəhbər gətirməyə cəhd edirlər. Bu qüvvələr istəklərinə nə qədər nail olacaqlarını zaman göstərəcək. Lakin bu gün dünyada beynəlxalq qanunların o qədər də işləmədiyi bir dövrdə hər bir dövlət özünün gücünü və müttəfiqlərini formalaşdırır. Artıq nə Ermənistan, nə də Azərbaycan 1990-cı illərdəki kimi beynəlxalq təşkilatlardan asılı vəziyyətdə deyil. Azərbaycan Qarabağı işğaldan azad edərək, gücünü bütün dünyaya göstərib, Ermənistanda isə gec də olsa, münaqişənin zərərdən başqa bir şey verməyəcəyini anlayıblar.

Seçilən
55
azertag.az

1Mənbələr