17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, o, Qazaxıstanın Çimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.
Baş məşqçi səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib:
“Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq”.
Aqil Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib:
“Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.
U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb:
“İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü potensiala malikik”.
U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.
