AZ

Koç Universitetindən Qlazqoya: raket sistemləri üzrə ixtisaslaşan azərbaycanlı gənclə MÜSAHİBƏ

London, 30 aprel, AZƏRTAC

Böyük Britaniyanın Qlazqo Universitetində mexanika mühəndisliyi və idarəetmə ixtisası üzrə magistratura təhsili alan azərbaycanlı tələbə Taleh Əliyev AZƏRTAC-a müsahibəsində xaricdə təhsil təcrübəsindən, seçdiyi ixtisasın üstünlüklərindən və gələcək planlarından danışıb. O bildirib ki, bakalavriat təhsilini Koç Universitetində mexanika mühəndisliyi və biznesin idarəedilməsi üzrə ikili ixtisasla başa vurub. Eyni zamanda, aerokosmik mühəndislik istiqamətində ixtisaslaşıb və robotika sahəsində tədqiqat təcrübəsi qazanıb.

– Nə üçün mexanika mühəndisliyi və idarəetmə ixtisasını seçdiniz?

– Mexanika mühəndisliyi texniki problemləri həll etmək, sistemləri dərindən anlamaq və yeni texnologiyalar yaratmaq imkanı verir. İdarəetmə isə bu bilikləri real mühitdə tətbiq etməyə, layihələri effektiv idarə etməyə və strateji qərarlar verməyə şərait yaradır. Bu iki sahənin vəhdəti mənim həm mühəndis, həm də gələcək lider kimi formalaşmağıma imkan verir.

– Qlazqo Universitetində təhsil almaq qərarını necə verdiniz?

– Qlazqo Universiteti mühəndislik sahəsində güclü akademik baza və praktikyönümlü tədris sistemi ilə seçilir. Proqramın həm texniki, həm də idarəetmə komponentlərini birləşdirməsi seçimimdə əsas rol oynadı. Bundan əlavə, universitetin beynəlxalq mühiti və sənaye ilə sıx əlaqələri də mühüm üstünlüklərdir.

– Hazırda təhsil aldığınız proqramın əsas üstünlükləri nələrdir?

– Proqramın əsas üstünlüklərindən biri multidissiplinar yanaşmadır. Burada həm nəzəri biliklər əldə edir, həm də real mühəndislik layihələri üzərində işləyirik. Layihələr çərçivəsində dizayn, analiz və sistem inteqrasiyası kimi mərhələləri praktiki şəkildə öyrənirik. Bu da məzun olduqdan sonra sənayeyə daha hazır olmağımıza kömək edir.

– Böyük Britaniyada təhsil almaq sizə hansı yeni imkanlar yaradıb?

– Bu, mənə beynəlxalq mühitdə təcrübə qazanmaq, müxtəlif ölkələrdən olan tələbələrlə işləmək və qlobal dünyagörüş formalaşdırmaq imkanı verib. Eyni zamanda, burada sənaye ilə əlaqələr və peşəkar şəbəkələşmə imkanları olduqca genişdir.

– Bu ixtisas üzrə gələcək karyera planlarınız nələrdir?

– Gələcəkdə aerokosmik, avtomobil və ya robotika sahəsində mühəndis kimi fəaliyyət göstərmək istəyirəm. Xüsusilə innovativ texnologiyalar üzərində işləmək və real mühəndislik problemlərinə həllər tapmaq əsas məqsədlərimdəndir. Uzunmüddətli perspektivdə isə akademik karyera və PhD təhsili planlaşdırıram. Magistraturanı bitirdikdən sonra Qlazqo Universitetində doktorantura təhsili almaq niyyətindəyəm və artıq bu istiqamətdə ilkin addımlar atmışam.

– Gələcəkdə Azərbaycanda işləməyi düşünürsünüzmü?

– Təhsilimi başa vurduqdan və kifayət qədər təcrübə qazandıqdan sonra Azərbaycana qayıdaraq əldə etdiyim bilikləri tətbiq etməyi planlaşdırıram. Xüsusilə avtomobil, istehsal və müdafiə sənayesinin inkişafına töhfə vermək əsas hədəflərimdəndir.

– Qlazqoda tələbə həyatı necə keçir?

– Qlazqoda tələbə həyatı çox dinamik və maraqlıdır. Universitetdə müxtəlif tələbə klubları və təşkilatları fəaliyyət göstərir. Hazırda ixtisasım üzrə tələbələri təmsil edən qrup nümayəndəsi kimi çalışıram. Bu fəaliyyət tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin gücləndirilməsinə imkan yaradır. Eyni zamanda, “University of Glasgow Rocketry” çərçivəsində fəaliyyət göstərən “Static Fire Test” komandasının üzvüyəm. Burada raket sistemlərinin dizaynı və test mərhələlərində iştirak edirəm. Bu fəaliyyətlər həm sosial, həm də peşəkar inkişafım üçün olduqca faydalıdır.

– Bu ixtisası seçmək istəyənlərə hansı tövsiyələri verərdiniz?

– Tövsiyə edərdim ki, yalnız nəzəri biliklərlə kifayətlənməsinlər. Praktiki layihələrdə iştirak etsinlər, proqramlaşdırma və mühəndislik alətlərini öyrənsinlər. Eyni zamanda, problem həlletmə və stresi düzgün idarəetmə bacarıqlarını inkişaf etdirmək çox vacibdir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
18
1
azertag.az

2Mənbələr