
İran Futbol Federasiyasının nümayəndələri Kanadanın Vankuver şəhərində keçiriləcək Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) konqresində iştirak etməyəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac və baş katib Hidayət Mombeyni də daxil olmaqla üç federasiya nümayəndəsi AFC və FIFA konqreslərində iştirak etmək üçün Kanadaya etibarlı viza ilə gəlib. Lakin onlar Toronto hava limanında sərhəd nəzarətində saxlanılıb və Kanadaya girişlərinə icazə verilməyib. İran nümayəndə heyəti növbəti reyslə geri qayıtmaq məcburiyyətində qalıb.
Məlumata görə, onlar bu hadisədən sonra Türkiyəyə qayıdıblar.
Kanada hakimiyyəti daha sonra girişin rədd edilməsini təsdiqləyib. Onlar qeyd ediblər ki, giriş icazəsinin ləğvi ilə bağlı qərarlar hər bir hal üçün ayrıca qəbul edilir.
Hadisə ilə bağlı əlavə təfərrüatlar verilməyib.
Qeyd edək ki, FIFA Konqresi bu həftə Vankuverdə keçirilir.