Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə namizədi Cin-Hyon Paiki qəbul edib.
Publika.az xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn BƏM hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə nəzərdən keçirildiyi bildirilib.