Kolumbiyada seçkilər yaxınlaşdıqca təhlükəsizlik məsələsi yenidən ölkənin əsas gündəminə çevrilib.
“The Guardian” qəzetinin yaydığı məlumata görə, 2016-cı ildə hökumətlə FARC qruplaşması arasında sülh sazişi imzalansa da, ölkədə tam sabitlik əldə olunmayıb. Son vaxtlar silahlı qrupların hücumları artıb, nəticədə mülki şəxslər həyatını itirib və minlərlə insan evindən didərgin düşüb.
Prezident Qustavo Petro bütün silahlı dəstələrlə danışıqlar apararaq “tam sülh” yaratmaq istəsə də, bu hələlik gözlənilən nəticəni verməyib. Bəzi qruplar atəşkəsə əməl etmir və döyüşlər davam edir. Seçki qabağı namizədlərin bir qismi sülh yolunu, digərləri isə daha sərt hərbi müdaxiləni dəstəkləyir.
Qeyd edək ki, FARC (Kolumbiya İnqilabçı Silahlı Qüvvələri) 1964-cü ildə yaradılmış solçu partizan qruplaşmasıdır. Onlar onilliklər ərzində Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparıblar. 2016-cı ildə hökumətlə tarixi sülh müqaviləsi imzalayaraq silahı yerə qoyublar və siyasi partiyaya çevriliblər. Sülh sazişini qəbul etməyən bəzi üzvlər FARC-dan ayrılaraq yenidən silahlı qruplar yaradıblar. Hazırda Kolumbiyada gərginliyə səbəb olan əsas qüvvələrdən biri də məhz bu radikal qruplardır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”