AZ

"Kazinoların leqallaşdırılması düzgün qərardır" - Japarov

“Qırğızıstanda kazinoların leqallaşdırılması haqqında qanunun qəbul edilməsi iqtisadi cəhətdən səmərəli olduğunu sübut edən düzgün qərar olub”.

Hakimiyyet.az xəbər verir ki, bu barədə Qırğızıstan prezident Sadır Japarov Kaktus.media-ya verdiyi müsahibədə bildirib.

“Kazino qanunu bizim siyasi iradəmizə əsaslanaraq qəbul edilən qərarlardan biridir. Dövlət üçün bunda qınaq doğuran heç nə yoxdur. Bu qərar heç kimin şəxsi maraqları naminə verilməyib. Zaman onun düzgünlüyünü sübut edib. Qanun qəbul edildikdə, Qırğızıstan vətəndaşlarının kazinolara baş çəkməyə başlayacağı və bunun onların həyatlarının məhvinə səbəb olacağı ilə bağlı narahatlıqlar var idi. Lakin bütün bu müddət ərzində vətəndaşların kazinolara baş çəkməsi ilə bağlı bir dənə də olsun hal qeydə alınmayıb”, - deyə Japarov bildirib.

Onun sözlərinə görə, qanun layihəsi hazırlanarkən Qırğızıstan hakimiyyəti turistlərə və qonşu ölkələrin varlı vətəndaşlarına ümid edirdi.

“Bu gün varlı əcnəbilər sərvətlərini Qırğızıstanda qoyurlar, vətəndaşlarımız üçün isə iş yerləri yaradılır. Əvvəllər, məsələn, Kiprdə işləyən minlərlə həmvətənimiz geri qayıdıb vətənlərində işləyir”, - deyə Japarov qeyd edib.

“Kazinolar büdcəyə gəlir gətirir, vətəndaşlarımız isə heç bir itki yaşamırlar - əsas nəticə budur... Biz bir tarazlığa nail olduq: varlı vətəndaşlarımızın əvvəllər xaricdə itirdiyi milyonlar indi əcnəbilərin Qırğızıstanda itirdiyi pullarla kompensasiya olunur. Pul ölkəyə turizm vasitəsilə qayıdır — əsas məqsədimiz bu idi", - deyə o əlavə edib.

Qeyd edək ki, Qırğızıstanda kazinolar 2012-ci ildən, bukmekerlik şirkətləri və mərc oyunları isə 2015-ci ildən qadağan edilmişdi. Hökumət bu qərarı əmlakını və əmanətlərini itirən insanların qohumlarının çoxsaylı etirazlarından sonra qəbul etmişdi. 2022-ci ilin iyun ayının sonunda isə Sadır Japarov qumar müəssisələrini yenidən legitimləşdirən qanununu imzalayıb. Qanun Qırğızıstan vətəndaşlarının və 21 yaşdan kiçik əcnəbilərin qumar müəssisələrinə daxil olmasını qadağan edir.(musavat.com)

Seçilən
41
hakimiyyet.az

1Mənbələr