AZ

Bakıda iki nəfəri qətlə yetirən şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Arif Bəhərçiyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti tam təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd: Hadisə 2023-cü ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.

 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Bəhərçiyevə 20 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona təyin edilmiş cəza 1 il azaldılıb. Arif Bəhərçiyevə qəti olaraq 19 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 1 May 2026, 08:12   
Seçilən
30
pravda.az

1Mənbələr