AZ

Azərbaycan geniş Avrasiya məkanında da mühüm tərəfdaş kimi qəbul olunur

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Son günlər Azərbaycana bir sıra ölkələrin dövlət və hökumət başçılarının intensiv səfərləri həyata keçirilir. Təkcə aprel ayı ərzində Litvanın Baş naziri İnqa Ruqiniene, Latviya Prezidenti Edqars Rinkeviç, Ukrayna lideri Volodimir Zelenski, Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycanda səfərdə olublar. Bu səfərlər zamanı ölkələr arasında əməkdaşlığın daha da inkişafı, genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb, eyni zamanda beynəlxalq gündəm üçün aktual olan məsələlərə də yer ayrılıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli "525-ci qəzet"ə müsahibəsində mövzu ilə bağlı fikirlərini bölüşüb.

- Mətin müəllim, bu günlərdə Azərbaycana ardıcıl olaraq bir sıra yüksək səviyyəli səfərlər həyata keçirildi. Üç Avropa İttifaqı dövlətinin - Litva və Latviyanın, eləcə də Çexiyanın liderləri, Ukrayna Prezidenti Azərbaycanda oldu, geniş müzakirələr aparıldı. Bu səfərlər nəyi göstərir?

- Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının ardıcıl səfərlərini ilk növbədə ölkənin artan geosiyasi və geopolitik əhəmiyyətinin göstəricisi kimi qəbul edə bilərik. Səfərlər həm də onu nümayiş etdirir ki, Azərbaycan artıq yalnız regional deyil, həm də daha geniş Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul olunur. Xüsusilə Avropa İttifaqının üzvü olan ölkələrin liderlərinin aktivliyi göstərir ki, Bakı ilə siyasi dialoq və əməkdaşlıq bu ölkələr üçün prioritet istiqamətlərdən birinə çevrilib. Və bu dinamika həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika imkanları, həm də regional sabitlik məsələləri ilə sıx bağlıdır. Eyni zamanda, əlbəttə ki, Azərbaycan da Avropa İttifaqı ilə, bu ittifaqa daxil olan ölkələrlə münasibətləri inkişaf etdirmək strategiyasını həyata keçirməkdə maraqlıdır. Ümumiyyətlə  Azərbaycanın çoxvektorlu xarici siyasətində Avropa İttifaqı mühüm yer tutur. Mühüm yer tutmasının da ciddi səbəbləri var. Yəni Avropa İttifaqı Azərbaycanın vacib ticarət tərəfdaşıdır. Azərbaycanın enerji məhsullarının ixracatının diversifikasiyasında Avropa İttifaqı və bu ittifaqa daxil olan ölkələr mühüm yer tutur. Eyni zamanda, siyasi dialoq, təhlükəsizlik və s. məsələlər də Azərbaycanın xarici siyasətdə Avropa İttifaqına mühüm yer verməsini şərtləndirir. Yəni qarşılıqlı maraqlar, qeyd etdiyim kimi, ölkəmizə olan səfərləri şərtləndirən əsas amillərdən biri kimi qəbul edilə bilər.

- Litvanın Baş naziri və Çexiyanın Baş naziri öz bəyanatlarında bildirdilər ki, Azərbaycana səfər Avropa İttifaqından kənara ilk beynəlxalq səfərləridir. Regionda Azərbaycana üstünlük verilməsinin, Avropa ölkələrinin Azərbaycana artan marağının səbəbləri nədir?

- Litva və Çexiyanın Baş nazirlərinin Azərbaycana səfərlərinin Avropa İttifaqından kənara ilk səfərləri olması təsadüfi deyil. Düşünürəm ki, bu, bir neçə əsas amillə izah oluna bilər. Birincisi, təbii ki, enerji təhlükəsizliyidir. Yəni Avropanın alternativ enerji mənbələrinə ehtiyacı artıb və Azərbaycan bu məsələdə etibarlı tərəfdaş kimi çıxış edir. Digər məsələləri də biz qeyd edə bilərik. Məsələn, Orta Dəhliz Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit qovşağıdır. Avropa ölkələrinin Azərbaycanla əməkdaşlıqda marağının artması kontekstində düşünürəm ki, sabitlik və balanslı xarici siyasəti də biz nəzərə almalıyıq. Sabitlik və balanslı xarici siyasət dedikdə onu nəzərə tuturuq ki, Bakı müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər quraraq etibarlı tərəfdaş imici formalaşdırıb. Çox az ölkələr var ki, dünyada belə siyasət, balanslı siyasət həyata keçirilə bilir və müxtəlif tərəflərlə münasibətlərini qoruyub saxlayır. Nəzərə alsaq ki, Azərbaycan özü olduqca mürəkkəb bir regionda yerləşir, mürəkkəb geosiyasi mövqeyi var, amma buna baxmayaraq, ölkəmizin xarici siyasətinin ən böyük uğurlarından biri də məhz bu mürəkkəb geosiyasi məkanında özünün necə deyərlər, sabit, proqnozlaşdırıla bilən balanslı xarici siyasəti həyata keçirməsidir ki, düşünürəm ki, bu da Avropa dövlətlərinin ölkəmizə marağının artmasında ciddi rol oynayır. Həmçinin yeni iqtisadi imkanları da qeyd edə bilərik və hesab edirəm ki, Avropa ölkələrinin Azərbaycanla iqtisadi münasibətlərini dərinləşdirməklə bağlı maraqları var. Qeyd etdiyim bütün bu istiqamətlər Avropa ölkələrinin Azərbaycana artan marağının əsas səbəbləri kimi qəbul edə bilərik.

- Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının artması baxımından bu səfər dinamikası necə qiymətləndirilə bilər?

- Bu səfərlər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni bir mərhələyə keçdiyini göstərir və əlaqələr artıq deyə bilərik ki, yalnız enerji ilə məhdudlaşmır. Eyni zamanda digər sahələri də əhatə edir. Bu sahələrə misal olaraq biz yaşıl enerji, bərpa olunan resursları qeyd edə bilərik, həmçinin rəqəmsal transformasiya, nəqliyyat və logistika, təhlükəsizlik və siyasi dialoq kimi sahələri də bura əlavə edə bilərik. Ümumiyyətlə bu dinamika onu göstərir ki, tərəflər arasında bütövlükdə bir çox sahələri əhatə edən qarşılıqlı asılılıq artır və əməkdaşlıq gələcəkdə daha institusional xarakter ala bilər.

- Azərbaycanın Ukrayna məsələsində mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanıb. Eyni zamanda Bakı Ukraynaya humanitar dəstəyini davam etdirir. Prezident Zelenskinin səfəri, imzalanan sənədlər münasibətlərdə hansı inkişafa səbəb olacaq?

- Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri sözsüz ki, Ukrayna ilə münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Yəni Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və humanitar dəstəyi fikrimcə, Kiyev tərəfindən yüksək qiymətləndirilir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bizim mövqeyimiz, Azərbaycanın prinsipial mövqeyi ondan ibarət olub ki, birincisi, iki ölkə arasında olan problemlər, münaqişə güc yolu, müharibə ilə deyil, dialoq, diplomatiya yolu ilə həllini tapsın. Azərbaycan hər zaman sülhün tərəfdarı kimi çıxış edib. Ölkəmiz bu müharibədə konkret olaraq tərəf tutmur. Amma bununla bərabər, Azərbaycanın belə bir qəti mövqeyi var ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi onun ərazilərinin üzərində qorunmalıdır, bu, bizim üçün prinsipial məsələdir. Rusiya-Ukrayna müharibəsi haqqında da danışarkən Azərbaycanın rəsmi mövqeyi hər zaman ondan ibarət olub ki, bu müharibə, problem Ukraynanın ərazi bütövlüyü və  suverenliyinin təmin olunması çərçivəsində həllini tapmalıdır. Bütövlükdə düşünürəm ki, bu səfərin nəticəsi olaraq iki ölkə arasında humanitar və iqtisadi əməkdaşlıq genişlənə bilər, eyni zamanda enerji sahəsində də əməkdaşlıq imkanlarının genişlənməsinə bu səfər öz töhfəsini  verə, həmçinin ikitərəfli siyasi münasibətlər də düşünürəm ki, daha sistemli xarakter ala bilər. Xüsusilə də Zelenskinin son səfərində diqqət cəlb edən əsas məqamlardan biri təbii ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsinin müzakirə olunması idi. Görünən odur ki, iki ölkə artıq bu sahədə müəyyən əməkdaşlıq münasibətləri qurub və bunun gələcəkdə daha da genişlənməsi, artması istiqamətində artıq konkret addımların atılması nəzərdə tutulub. Bütövlükdə düşünürəm ki, Zelenskinin səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da dərinləşməsinə öz müsbət töhfələrini verəcək.

- Diqqətçəkən bir məqam da Zelenski tərəfindən Azərbaycanın Rusiya-Ukrayna danışıqlarında diplomatik məkan kimi təklif olunması idi. Sizcə, bunun baş tutması mümkün görünür?

- Hesab edirəm ki, Prezident Zelenskinin Azərbaycanı danışıqlar üçün platforma kimi təklif etməsi ilk növbədə Bakının artan beynəlxalq nüfuzunun göstəricisi olaraq qəbul edilə bilər. Eyni zamanda əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan balanslı xarici siyasət həyata keçirir. Yəni müxtəlif tərəflərlə balanslı münasibətlər saxlayır və saxlamağı bacarır. Bu da vurğuladığımız kimi, ölkəmizin potensial neytral platforma kimi qəbul edilməsini şərtləndirir. Ölkəmiz müxtəlif dövlətlər tərəfindən məhz belə bir platforma, potensial neytral platforma kimi qəbul edilir. Əvvəllər də Azərbaycan müxtəlif qarşı duran tərəflər arasında, dövlətlər arasında neytral platforma kimi çıxış edib, yəni ölkəmizdə danışıqlar aparılıb. Artıq vurğuladığım kimi, bununla Azərbaycan ilk növbədə sülhə xidmət edib, dünyanın müxtəlif regionlarında sülhün yaranması üçün gərginliyin azaldılmasına xidmət edib. Azərbaycan Rusiya ilə Ukrayna arasında da danışıqlarda diplomatik məkan ola bilər. Ancaq bunun üçün yalnız Ukraynanın razılığı və yaxud təklifi kifayət deyil. Aydındır ki, həm də Rusiya razılıq verməlidir. Yəni əsas şərt Rusiyanın Zelenskinin təklifinə müsbət cavab verməsidir. Əgər Rusiya da müsbət cavab verərsə, ölkəmiz növbəti dəfə qarşı duran tərəflər arasında neytral platforma kimi çıxış edə bilər. Eyni zamanda, bir məqamı da nəzərə almaq lazımdır ki, prinsip etibarilə bu danışıqların aparılması mümkün olsa, praktikada bunun baş tutması həm də qlobal siyasi kontekstdən də ciddi şəkildə asılıdır.

Pərvanə SULTANOVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
525.az

1Mənbələr