AZ

Rusiya Çin sayəsində silah istehsalını artırır - Asılılıq artır

Rusiya sanksiyaya məruz qalan texnologiyaların 90 faizindən çoxunu Çin vasitəsilə idxal edir. Bu, Vladimir Putinin Ukraynaya qarşı apardığı uzunmüddətli müharibə fonunda Moskvanın Pekindən asılılığının artdığını göstərir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Məlumata əsasən, bu göstərici ötən ilki təxminən 80 faizdən yüksəlib. Bu isə Avropa İttifaqının Rusiyanın məhdudiyyətlərə baxmayaraq texnologiya əldə etdiyi marşrutlara nəzarəti sərtləşdirməsi ilə əlaqələndirilir. Dəqiq tədarük həcmləri açıqlanmasa da, Çin dəstəyi sayəsində Rusiya raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla bir çox silah növünün istehsalını artırıb.

Aİ sanksiyaları Rusiyanı belə silahların istehsalı və istifadəsi üçün vacib olan texnologiyalardan – yarımkeçiricilər, inteqral sxemlər, elektronika və avadanlıqlardan məhrum etmək məqsədi daşıyır. Bununla yanaşı, blok Çin və Honkonq daxil olmaqla müxtəlif ölkələrdə Moskvanın bu məhdudiyyətlərdən yayınmasına kömək etdiyi ehtimal edilən şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq edib.

Buna baxmayaraq, bu tədbirlər Çinin Rusiyaya kritik əhəmiyyətli resurslar göndərməsinin qarşısını ala bilməyib. Bloomberg qeyd edir ki, Pekin Rusiyaya geoməkan kəşfiyyatı, hərbi məqsədlər üçün peyk görüntüləri və pilotsuz sistemlər də təqdim edib, eyni zamanda bu cür tədarükləri Ukrayna və digər ölkələr üçün azaldıb.

Mənbələrin bildirdiyinə görə, Aİ ölkələrinin əksəriyyəti Pekinin mümkün cavab addımlarından ehtiyat edərək Çinə qarşı daha sərt sanksiyalar tətbiq etməyə tələsmir.

Çin isə dəfələrlə beynəlxalq sanksiyaları tanımadığını və Rusiya ilə "normal ticarət münasibətlərini" dəstəklədiyini bəyan edib. Bu ayın əvvəlində Pekin Aİ-nin yeni sanksiya paketinə bir neçə Çin şirkətini daxil etməsindən sonra cavab tədbirləri görəcəyini açıqlayıb.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr