AZ

Quraq iqlim şəraitində temperatur rekonstruksiyası üzrə beynəlxalq tədqiqat aparılıb

Bakı, 1 may, AZƏRTAC

Quraq iqlim şəraitində keçmiş temperaturun dəqiq rekonstruksiyası iqlim dəyişmələrinin təbiət–insan–bitki sisteminə təsirinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılmış yeni beynəlxalq tədqiqatın nəticələri yüksək impakt faktorlu, Q1 kateqoriyalı “Biogeosciences” elmi jurnalında dərc olunub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, institut əməkdaşlarının xarici həmkarlarla həmmüəllif olduğu “Quraq ərazilərdə brGDGT əsaslı paleotermometr: kalibrləmə etibarlılığını təmin etmək üçün quraqlığı və duzluluğu maneə törədən amillər kimi nəzərə alınmasının zəruriliyi” adlı məqalədə quraq zonalarda temperaturun rekonstruksiyası məsələsi geniş şəkildə araşdırılıb.

Tədqiqat çərçivəsində Botanika İnstitutunun əməkdaşları ilə birgə beynəlxalq tədqiqat qrupu 23 gün ərzində Azərbaycan ərazisində ekspedisiyada olub, müxtəlif ərazilərdən torpaq və bitki nümunələri toplanılıb və bu materiallar ümumi analizlərə daxil edilib. Araşdırmalar göstərib ki, brGDGT-lər temperaturun rekonstruksiyası üçün perspektivli vasitə olsa da, xüsusilə quraq ərazilərdə onların göstəriciləri yalnız temperaturdan deyil, bir sıra əlavə amillərdən də ciddi şəkildə asılıdır. Əsas təsiredici faktor kimi duzluluq müəyyən edilib. Bununla yanaşı, mühit tipi (torpaq və ya göl çöküntüləri), pH səviyyəsi və aridlik dərəcəsi də mühüm rol oynayır. Bu amillərin qarşılıqlı təsiri xüsusilə göl mühitlərində temperatur siqnallarının təhrif edilməsinə səbəb olur.

Tədqiqat nəticəsində müəyyən edilib ki, bəzi indekslər - xüsusilə duzluluq və pH ilə bağlı göstəricilər - mühitin fiziki-kimyəvi xüsusiyyətlərinin qiymətləndirilməsi üçün daha etibarlıdır. Eyni zamanda, müxtəlif ekoloji şəraitlər üçün xüsusi kalibrlənmiş modellərin tətbiqi temperatur rekonstruksiyalarının dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.

Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr paleoiqlim modellərinin daha da təkmilləşdirilməsinə imkan verir. Bununla yanaşı, tədqiqat ekstremal şəraitlərdə formalaşan bitki və torpaq sistemlərinin uyğunlaşma mexanizmlərinin daha dərindən öyrənilməsinə də mühüm elmi töhfə kimi qiymətləndirilir.

Seçilən
17
1
azertag.az

2Mənbələr