Xatırladım ki, bir neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərində böhran ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnmişdi. 2015-ci ildə Azərbaycan parlamenti Avropa Parlamentində Azərbaycan barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına cavab olaraq bu təşkilatla qarşılıqlı əlaqəni dayandırmağa məcbur olmuşdu. Milli Məclis Avropa Parlamentindən tələb etmişdi ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin.
Bu qərar qəbul edildikdən sonra Avropa Parlamenti ikitərəfli dialoqu bərpa etmək məqsədi ilə bir sıra addımlar atmış, o cümlədən öz deputatlarından ibarət səlahiyyətli nümayəndə heyətini Azərbaycana göndərmişdi. Avropa Parlamentinin bu səylərindən sonra Milli Məclis əməkdaşlıq maraqlarını əsas tutaraq 2016-cı ilin sentyabr ayında münasibətlərin bərpasına dair qərar qəbul etmişdi.
Təəssüf ki, ötən 10 il Avropa Parlamentinin Azərbaycan əleyhinə hərəkətlərdən əl çəkmək niyyətində olmadığını göstərmişdir. İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənmişdir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Avropa Parlamentinin Azərbaycana qarşı təxribatlarının intensivliyinin artmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul etmişdir.
Bütün bunlar həmin qurumun əslində hansı meyarlar əsasında fəaliyyət göstərdiyinin əsas sübutu sayıla bilər. Şübhə yoxdur ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozmuş, eyni zamanda, konstruktiv dialoq və əməkdaşlıq perspektivlərinə sarsıdıcı zərbə vurmuşdur. Bu da aydındır ki, təşkilatın nümayiş etdirdiyi yanaşma regionda sülh və sabitlik yaradılmasına yönələn səylərə maneçilik törətməyə yönəlmişdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31