Bakı, 1 may, AZƏRTAC
2026-cı ilin birinci rübündə “Şəfəq” Günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində plana uyğun aparılıb.
AZƏRTAC bp-nin 2026-cı ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30 faizi artıq quraşdırılıb.
Aprel ayının əvvəlində layihə sahəsində ilk Günəş panelinin quraşdırılması ilə layihə növbəti mərhələyə, yəni Günəş panellərinin quraşdırılması mərhələsinə başlayıb.
Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edib. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda genişləndirilməkdədir.
Ətraf mühitin qorunması layihənin əsas diqqət mərkəzində qalmaqdadır, o cümlədən tikinti sahəsinin bitki örtüyündən təmizlənməsi işlərinin monitorinqi aparılır və vəhşi heyvanların sahədən təhlükəsiz şəkildə köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqələndirilərək həyata keçirilir.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.